Xəbər lenti

Azərbaycan Laçın yolunda öz sərhəd postunu qurmalıdır - Tofiq Zülfüqarov
Siyasət11:35 30.05.2022

Azərbaycan Laçın yolunda öz sərhəd postunu qurmalıdır - Tofiq Zülfüqarov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, 27 may tarixində Paris şəhərinin meri Ann Maria İdalqo qanunsuz şəkildə Qarabağa gələrək, qondarma rejimin nümayəndəsi ilə görüşüb. Rəsmi Bakı bu addımı Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat adlandırıb və səfərin beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyi, eyni zamanda Fransa və Azərbaycan münasibətlərə xələl gətirdiyi bəyan edib. Azərbaycan XİN Paris şəhərinin merinin bu qanuna zidd və məsuliyyətsiz davranışının, həmçinin bölgədə müharibə sonrası sülh və etimad quruculuğu tədbirlərinə uyğun olmadığı vurğulayıb.
Xatırladaq ki, bir qədər əvvəl Fransa prezidentliyinə namizəd Valeri Pekres də Xankəndiyə səfər etmişdi. Azərbaycan tərəfi bu hallara görə dəfələrlə Fransaya etiraz notası verb. Amma görünən odur ki, Paris məsələyə ciddi yanaşmır. 
Azərbaycanın etirazlarını nəzərə alan Fransanın Azərbaycandakı səfiri Zakari Qros gərginliyi azaltmaq üçün 2 gün əvvəl Füzuli rayonunda minaya düşərək yaralanan fermer barədə paylaşım edərək, təəssüf hissi keçirdiyini bildirib: "Mayın 28-də 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basdalayaraq yaralanması xəbəri təəssüflə qarşılanıb. Ona tam sağalmağı arzulayıram”. 
Zakari Qros həmçinin qeyd edib ki, Fransa səfirliyi minatəmizləyicilər üçün detektorlar və alət dəstləri almaqla Azərbaycana dəstək verir.
Lakin ictimai rəy bu məsələdə olduqca həssasdır. Odur ki, belə bir sual yaranır - Fransadan Qarabağa qanunsuz səfərlərin intensivləşdiyi bir zamanda Bakı Parislə diplomatik münasibətlərin dondurulması məsələsini qaldıra bilərmi? 
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, diplomatik münasibətlərin dondurulması prosesdən çıxış yolu deyil:
"Diplomatik münasibətlər dondurulmayacaq. Burada cavabdeh tərəf Rusiya və onun Qarabağda yerləşdirdiyi sülhməramlı kontingentidir”.
Diplomatın fikrincə, belə qanunsuz gediş-gəlişlərə son vermək üçün Azərbaycan Laçın yolunda öz sərhəd postunu qurmalıdır: 
"Bununla da məsələ həll olunacaq və belə qanunsuz səfərlərə də son veriləcək. De-fakto olaraq Laçın yolunda Azərbaycanın xüsusi təyinatlıları mövqe tutmalıdırlar. Ardınca sülhməramlı kontingentin nümayəndələri ora dəvət edilməli və onlara bildirilməlidir ki, yalnız təhlükəsizlik məsələlərinə nəzarət etsinlər. Sərhəd və gömrük rüsumu isə Azərbaycanın nəzarətində olmalıdır. Artıq bununla bağlı Azərbaycan Rusiya tərəfinə, sühməramlılara xəbərdarlıq edib. Onlar öz növbəsində Bakını əmin ediblər ki, bu cür qanunsuz səfərlərə son qoyacaqlar. Amma hələ də bunun əksi müşahidə edilməkdədir. Ona görə də Paris merinin Qarabağa qanunsuz səfəri fonunda belə bu məsələni Fransa ilə diplomatik münasibətlərin dondurulması səviyyəsinə çatdırmağa ehtiyac yoxdur. Sadəcə dediyim kimi, Laçın yolunda post qurmalıyıq”. 
Rüfət Sultan