Azərbaycan Mədəniyyət Nazirliyi ermənilərin Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən "Maral” rəqs ansamblının Azərbaycanın xalq rəqslərindən olan "Uzun dərə”ni Ermənistanın milli rəqsi kimi təqdim etməsinə aydınlıq gətirib.
Nazirlikdən Qaynarinfo-ya verilən məlumata görə, Azərbaycan xalqına məxsus folklor nümunələrinin, o cümlədən milli rəqslərin mənimsənilməsi və özününküləşdirilməsi erməni mədəni siyasətinin bir tərkib hissəsinə çevrilib:
"Uzundərə” rəqsinin erməni rəqs nümunəsi kimi təqdim edilməsi cəhdləri yeni deyil. Bildiyiniz kimi, "Uzundərə” Qarabağ bölgəsinə aid qədim Azərbaycan xalq rəqsidir. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1910-cu ildə yazdığı "O olmasın, bu olsun” musiqili komediyasında (komediya 1911-ci ildə tamaşaya qoyulub) və həmin komediya əsasında 1956-cı ildə çəkilmiş eyniadlı filmdə gəlinin gətirilməsi səhnəsində səsləndirilir. Folklor nümunələrinin ermənilər tərəfindən oğurlanması və mənimsənilməsi barədə mütəxəssislərin rəyləri, sübutedici sənədlər və tarixi mənbələr əsasında hazırlanmış etiraz məktubları dəfələrlə müvafiq beynəlxalq qurumlara göndərilib”.
Nazirlik həmçinin etiraf edir ki, folklorun hüquqi müstəvidə mühafizəsi üzrə hələ də beynəlxalq hüquqi qorunma alətinin qəbul edilməməsi folklor nümunələrimizin beynəlxalq miqyasda hüquqi qorunmasında bir sıra çətinliklər yaradır:
"Bununla belə, məlum olduğu kimi, qeyri-maddi mədəni irs nümunələrimizin, o cümlədən folklorumuzun qorunmasının ən effektiv üsullarından biri onların beynəlxalq miqyasda geniş təbliğidir ki, Mədəniyyət Nazirliyi bu istiqamətdə çox aktiv fəaliyyət göstərir. Belə ki, istər dövlət, istərsə də folklor rəqs ansambllarımız xarici ölkələrdə, beynəlxalq müsabiqə və festivallarda qədim xalq rəqslərimizdən ibarət repertuarla uğurla çıxış edir və yüksək mükafatlara layiq görülürlər. Həmçinin bildiyiniz kimi, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı mövcuddur ki, Azərbaycan bu beynəlxalq təbliğat mexanizmindən ən aktiv və səmərəli şəkildə istifadə edən ölkələr sırasındadır. Belə ki, xalqımıza məxsus 13 qeyri-maddi mədəni irs nümunəsi adıçəkilən siyahıda yer alır”.
Qeyd edək ki, ermənilərin "Maral” rəqs ansamblı Azərbaycanın xalq rəqslərindən olan "Uzun dərə”ni Ermənistanın milli rəqsi kimi təqdim edib.
Sözügedən ansambl Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərir.
Bahar Rüstəmli