"Son proseslər göstərir ki, Rusiya vəziyyətdən istifadə edib, prosesdə moderatorluğu tam ələ almağa çalışır. Bu günlərdə Rusiya və Azərbaycan xarici işlər nazirləri səviyyəsində görüş olub. Belə olan halda ilin sonuna doğru Rusiyanın moderatorluğu ilə Moskvada iki ölkə liderləri arasında növbəti görüşün baş tutacağını da proqnozlaşdırmaq olar”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun Azərbaycan və Ermənistan liderləri arasında görüşə ev sahibliyi etmək üçün Moskvanın bütün lazımi yardımları göstərəcəyilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, Kreml istəyinə nail olmayınca, sülh müqaviləsinin imzalanmasına əngəl törətməyə çalışır:\
"Görünür, Peskov da açıqlamasında məhz ona işarə vurub. Təəssüf ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərində də imperiya maraqlarından çıxış edir. O, özünün imperiya maraqlarını da sülh müqaviləsinə calamaq istəyir. Bu olmadıqca Kreml sülh müqaviləsinin imzalanmasına əngəl törətməyə, məsələni konservləşdirməyə, dondurmağa, uzatmağa, prosesi ləngitməyə çalışacaq. Azərbaycan Rusiyaya belə bir şans verməyəcək. Bakı öz üzərindən Rusiya və başqa dövlətlərin siyasi oyunlar qurmasına imkan verməyəcək. Soçi görüşündə də bunun şahidi olduq. Ona görə Kremlin istəyilə olacaq növbəti danışıqlar da imitasiya xarakteri daşıyacaq”.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşə ev sahibliyi etmək üçün bütün lazımi yardımları göstərəcəyini bildirib. Onun sözlərinə görə, görüş Yeni ildən əvvəl baş tuta bilər.
Rüfət Sultan
Şərhlər