Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan deyib ki, rəsmi İrəvan ölkələr arasında siyasi fikir ayrılıqlarını aradan qaldırdıqdan sonra Azərbaycandan qaz almağa hazırdır. Aydın məsələdir ki, yalnız sülh müqaviləsi imzalanandan, bölgədə sabitlik yaranandan sonra tərəflər arasında kommunikasiyaların açılması ilə müəyyən iqtisadi əlaqələr də yarana bilər. Bu mənada maraqlıdır, münasibətlər düzələdən sonra rəsmi Bakı və İrəvan hansı sahələrdə əməkdaşlıq edə bilər?
Qaynarinfo bu sualı iqtisadçı Natiq Cəfərliyə ünvanlayıb.
Natiq Cəfərlinin fikrincə, münasibətlər qurulandan sonra Ermənsitan Azərbaycandan neft və qaz almaqda maraqlı olacaq. Azərbaycanın isə Ermənistandan ala biləcəyi elə də böyük çeşiddə məhsul yoxdur:
"Ermənistanda hazırda təhlükəli vəziyyət yaranıb. Onlar qaz təminatında həm həcm, həm də qiymət olaraq Rusiyadan çox asılıdır. Rusiya ilə münasibətlərin rəvan olmadığı bir dövrdə İrəvan alternativ qaz mənbələri tapmağa məcburdur ki, təzyiqdən canlarını qurtara bilsin. Bu mənada Azərbaycan Ermənistana daha rahat şəkildə qaz sata biləcək infrastruktur baxımından ən ideal ölkədir. Ermənistan təhlükələrdən yan keçmək və qonşularla normal münasibətlərin olmasını istəyirsə, Azərbaycanın təklif etdiyi şərtlər əsasında sülh müqaviləsi imzalamalı və kommunikasiyalar açılmalıdır. Yalnız bundan sonra qarşılıqlı iqtisadi əlaqələr barədə danışmaq olar. Bu baş verərsə, Ermənistan Azərbaycandan istədiyi əsas məsələ təbii ki, enerji daşıyıcılarının alınması məsələsidir. Ermənistan neft məhsulları, təbii qaz məsələsində digər ölkələrdən çox asılıdır. Ona görə də Azərbaycan Gürcüstanla hansı şərtlər daxilində münasibət qurubsa, sülh müqaviləsi imzaladıqdan, kommunikasiyaların açılmasından sonra Ermənistanla da belə bir müqavilə imzalana bilər. Ermənistanın isə sata bildiyi strateji məhsul kənd təsərrüfatı məhsullarıdır. Düzdür, burada Azərbaycanla üst-üstə düşən məqamlar da var. Məsələn, Azərbaycan özü-özünü təmin etdiyi məhsul növləri var ki, Ermənistan da həmin məhsul növlərini satmaq istəyir. Bu nöqteyi-nəzərdən Azərbaycanın Ermənistandan ala biləcəyi elə də böyük çeşiddə məhsul yoxdur. Amma hər bir halda münasibətlərin qurulmasından sonra biznes özü sərf edilən məhsulların Ermənistandan alınıb Azərbaycana gətirilməsində daha fərqli yollar tapacaq. Bütün hallarda bunun üçün ilk şərt sülh müqaviləsinin bağlanması və kommunikasiyaların açılmasıdır”.
Rüfət Sultan