Xəbər lenti

Azərbaycan və Türkiyə Ermənistanla sərhədi hansı şərtlə aça bilər? (ŞƏRH)
Siyasət09:02 11.10.2023

Azərbaycan və Türkiyə Ermənistanla sərhədi hansı şərtlə aça bilər? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nəhəng həcmdə yük daşınmasını istəyiriksə, həm Zəngəzur, həm də İrandan keçən yolu "bir kəmər, bir yol” layihəsinə qoşmalıyıq”.
Bunu Qaynarinfo-ya politoloq Zərdüşt Əlizadə Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə yolların açılmasında maraqlı olduqları barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
Zərdüşt Əlizadə vurğulayıb ki, Ermənstan yanlış təsəvvürlərdən imtina edib, əməli olaraq Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olmaldır:
"Bu, onlara böyük xeyir gətirər, həm də təhlükəsizlik səviyyələrini yüksəldə bilər".
Həmsöhbətimizə görə, Paşinyanın açıqlaması İrəvanın kommunikasiyaların açılmasında maraqlı olduğuna işarədir: 
"Paşinyan Ermənistanın bölgədə bütün kommunikasiyaları açmaqda maraqlı olduğunu deməklə həqiqəti söyləyir. Çünki Ermənistan 30-35  ildir öz səhv siyasəti üzündən blokadada olub. Sovet dönəmində Ermənistyana gələn yüklərin 87 faizi Azərbaycandan keçirdi. Yerdə qalan hissəsi isə Gürcüstandan gəlib. İndi isə İrəvan yükləri Gürcüstanın qışda donan Yuxarı Laz bölgəsilə keçirməyə məcburdur. Bütün bunlar Ermənistanın dəmir yolu və magistral yollarının açılmasında maraqlı olduğunu göstərir. Paşinyan həmçinin yolun Ermənistan ərazisindən keçən hissəsində ölkəsinin öz suverenliyini qorumağa, yəni bu əraziyə özünün nəzarət etməsinə çalışır".
Politoloq qeyd edib ki, Rusiya üçtərəfli bəyannamədə deyildiyi kimi, Zəngəzur yoluna FTX-nın sərhəd qoşunlarının nəzarət etməsini istəyir:
"Bu bəyannamədə yazılıb ki, Laçın yoluna rus sülhməramlıları nəzarət edəcək, Zəngəzur yoluna isə sərhəd qoşunları. 1992-ci ildə İrəvanla Moskva arasında bağlanan müqaviləyə görə, SSRİ dövründə olduğu kimi, Ermənistanın xarici dövlətlərlə, İran və Türkiyə ilə sərhədini FTX qüvvələri qoruyacaq”. 
Politoloqun fikrincə, Ermənistan ilk növbədə bu müqaviləni ləğv etməlidir ki, ondan sonra Zəngəzur yoluna da özlərinin nəzarət etməli olduğunu deyə bilsin. Ekspert dəhlizin İrandan keçməsini də mümkün hesab edir:
"Naxçıvanla əlaqəmiz İran vasitəsilə həyata keçir. İran son 30 ildə Azərbaycanın Naxçıvanla əlaqələrini təmin edən ölkə idi. İran bu yolun olmasında maraqlıdır. Bu da Azərbaycanın maraqlarına cavab verir. Ölkəmizin İranla yaxşı münasibət qurması eyni zamanda onu göstərir ki, şimaldakı xalqla cənubdakı eyni kökdən olan xalqla daha sıx əlaqələr yaradır. Deməli, dəhlizin İrandan keçməsi də mümkündür”. 
Zərdüşt Əlizadə hesab edir ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verəcək, çünki yarım blokadadan çıxmaq istəyir. 
"İlham Əliyev son zamanlar tez-tez Orta Asiyaya səfər edir. Çünki bilir ki, Çin təkcə dəniz deyil, quru yolla da "bir kəmər, bir yol” layihəsi vasitəsilə Avropa ilə əlaqə yaratmaq istəyir. Çinin Avropa ilə ticarəti illik 650-800 milyard dollar arasındadır. Bu mənada Çin də Orta Asiyadan, Azərbaycana, oradan Gürcüstana, Türkiyəyə, oradan da Avropaya yol çəkilişində maraqlıdır. Bakı-Tiflis-Qars dəmir yolunun yükdaşıma qabiliyyəti ildə 1 milyon tondur. Bakı onun həcmini 5 milyon tona çatdırmağı düşünür”, deyə Zərdüşt Əlizadə vurğulayıb.
Qeyd edək ki, son günlər Zəngəzur dəhlizi məsələsi yenidən aktuallaşıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəhlizin reallaşması vacibliyindən danışmaqla yanaşı, onun baş tutmayacağı təqdirdə, İran yolunun seçilə biləcəyini bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev də Şuşada baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatın toplantısında dəhliz İrandan keçəcəyinə işarə burub. Ermənistan baş naziri  Nikol Paşinyan isə regional kommunikasiyaların açılmasına hazır və bunda maraqlı olduğunu deyib. O, həmçinin, əlavə edib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə yolları açmağa da hazırdır. Bu, onun sözlərinə görə, Ermənistanın suverenliyi və yurisdiksiyası, bərabərlik prinsipi əsasında baş verməlidir. Bu isə o deməkdir ki, heç bir üçüncü  qüvvə Ermənistanın hər hansı bir ərazisində nəzarəti həyata keçirə bilməz. 
Rüfət Sultan