"Aİ Cənubi Qafqazda özü üçün xilaskar missiyası qazanmaq istəyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin tapşırığı ilə Avstriya, Litva və Rumıniya xarici işlər nazirlərinin Cənubi Qafqaz turu çərçivəsində Bakıya gəlmələri, ardınca İrəvan və Tiflisə olacaq səfərlərinin məqsədini şərh edərkən deyib. C. Nuriyev Aİ nümayəndələrinin Azərbaycana xeyir gətirmək üçün gəldiklərinə inanmır:
"Bu günə qədər Aİ Ermənistanı açıq şəkildə işğalçı qismində tanımayıb. Qurum nümayəndələrinin indiki səfərləri isə bölgədə Rusiyanı zərərsizləşdirməyə hesablanmış addımdır. Yəqin ki, danışıqlar masasında bu məsələ də müzakirə predmeti olacaq. Digər tərəfdən, gələn nümayəndələr keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərə hansısa statusun verilməsini istəyə bilərlər. Aİ bu istəyini həyata keçirməklə çalışır ki, Rusiya ilə Ermənistan arasında gərginlik dozasını artırsın. Danışıqlar gizli olsa da, Azərbaycan Prezidenti Aİ-dən gələn qonaqların ölkəmizin maraqlarına cavab verməyən təklifinə razılıq verməyəcək”.
Həmsöhbətimiz düşünür ki, sözügedən qurumun bölgəmizlə bağlı birdən-birə fəallaşmasının, Azərbaycanı "sevmələrinin” arxasında Avropadakı ermənilərin marağına xidmət edən məqamlar dayanır:
"Burada bir neçə istiqamət var. Aİ Cənubi Qafqazda özü üçün xilaskar missiyası qazanmaq istəyir. İkinci tərəfdən, Aİ guya insan haqları və hüquqlarını qoruyan missiyanı həyata keçirir. Ona görə də keçmiş Dağlıq Qarabağ ərazisində qalan 30-35 min erməninin status məsələsini gündəmə gətirmək istəyirlər. Digər tərəfdən, onlar Rusiyanı Qafqazda oyunçu olaraq gündəmdən çıxarmağı qərara alıblar. Bu yolla Türkiyəni də zərərsizləşdirməyi düşünürlər. Gələn ölkə nümayəndələrinin heç birinin nə Azərbaycana böyük məhəbbətləri var, nə də Türkiyəyə sevgiləri. Yəni səfərdə məqsəd bu kimi Azərbaycanın marağına cavab verməyən məqamlar ola bilər”.
Rüfət Sultan