Xəbər lenti

Azərbaycanda əcnəbilərlə nikah: Statistika və yeni qanunvericilik tələbləri
Ölkə 17:55 12.01.2026

Azərbaycanda əcnəbilərlə nikah: Statistika və yeni qanunvericilik tələbləri

Ədliyyə Nazirliyi 2025-ci ildə Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında bağlanan nikahların statistikasını açıqlayıb.

Nazirliyin məlumatına görə, ötən il bu kateqoriyadan olan şəxslər arasında 2081 nikah qeydə alınıb. Eyni zamanda, Azərbaycan vətəndaşlarının əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağladığı 652 nikahın pozulması rəsmiləşdirilib.

Sosioloq Üzeyir Şəfiyev Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, 2024-cü ilin iyun ayından etibarən Azərbaycanda əcnəbilərlə nikah prosedurlarında ciddi dəyişikliklər edilib:

"Saxta nikahların qarşısını almaq üçün Ailə Məcəlləsinin 12-ci maddəsinə dəyişiklik olunub. Həmin maddəyə əsasən, ölkədə olma və ya yaşama hüququ olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə nikahın bağlanması qadağan edilib. Əvvəllər bir çox əcnəbilər Azərbaycanda oturum izni və ya vətəndaşlıq almaq üçün formal olaraq nikaha daxil olurdular. Bu dəyişiklik məhz bu cür halların qarşısını almaq məqsədi daşıyır”.
 


Sosioloq bəzi Azərbaycan qadınlarının əcnəbilərlə ailə qurmağa meyil etməsinin səbəblərinə də toxunub:

"Bəzən boşanmış və ya nişanı pozulmuş qadınlara yerli mühitdəki bəzi mental yanaşmalar mane olur. Xarici vətəndaşlar üçün isə qadının keçmiş ailə vəziyyəti çox vaxt əhəmiyyət kəsb etmir. Digər səbəb isə xaricdə yaşamaq istəyidir. Lakin bu cür nikahlar sonradan ciddi problemlər yaradır. Düşüncə fərqliliyi, boşanma zamanı aliment məsələsi və uşağın kimdə qalacağı ilə bağlı mübahisələr xarici vətəndaşlarla nikahın ən problemli tərəfləridir. Bu nüansları nəzərə alaraq, belə nikahlara daxil olarkən ehtiyatlı olmaq lazımdır”.

Bahar Rüstəmli
--> -->