Azərbaycanda siyasi partiyaların fəaliyyətini dayandırması prosesi davam edir. Artıq özünü buraxan siyasi partiyaların sayı 10-na çatıb. Yaxın günlərdə daha bir neçə partiyanın siyasi mühitdən çəkiləcəyi bildirilir.
Prosesin kökündə "Siyasi partiyalar haqqında” yeni qanunun qeydiyyat üçün 5000 üzv tələbi dayanır. Bu tələbə cavab verməyən siyasi təşkilatlardan bəziləri birləşməyə, bəziləri isə fəaliyyətini dayandırmağa üstünlük verir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə çoxpartiyalı sistemin əsası qoyulub və 1992-ci ildən bu yana 60-dan çox partiya qeydiyyatdan keçib. Artıq onların sayı 50 civarındadır.
İyul ayına kimi partiyalara yeni qanuna uyğunlaşmaq üçün vaxt verilib. Bu müddət ərzində qanunun tələblərinə uyğunlaşmayan partiyaların fəaliyyəti dayandırılacaq.
Bəs Azərbaycanda fəaliyyəti məhkəmə qərarı ilə dayandırılan partiya varmı?
Qaynarinfo-nun apardığı araşdırma nəticəsində bəlli olub ki, indiyə qədər 3 partiyanın qeydiyyatı Ali Məhkəmə qərarı ilə ləğv edilib. Bunlar Azərbaycan Xalqlarının Bərabərlik Partiyası, Bozqurd Partiyası və Azərbaycan İslam Partiyasıdır.
Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının qeydiyyatı separatçılıq səbəbi ilə 1993-cü ildə ləğv edilib. Bununla da partiya fəaliyyətini dayandırıb.
Bozqurd Partiyasının qeydiyyatı isə 1995-ci ildə ləğv edilib. Səbəb kimi etnik ayrı-seçkiliyi təbliğ edən çıxışlar etməsi və adının qanunlara uyğun olmadığı göstərilib.
Azərbaycan İslam Partiyasının da qeydiyyatı 1995-ci ildə ləğv edilib. Səbəb partiyanın casusluq fəaliyyəti göstərməsi olub.
Ali Məhkəmənin qərarı ilə qeydiyyatı ləğv edilən partiyalardan biri də Azərbaycan Vahid Kommunist Partiyası olub. 1995-ci ildə Ali Məhkəmə SSRİ-nin bərpasını təbliğ etdiyinə görə partiyanın qeydiyyatının ləğvi barədə qərar çıxarıb. Bir ay sonra isə Ali Məhkəmənin qərarı ləğv edilib.
Seyid
Şərhlər