Xəbər lenti

Azərbaycanda Mer institutunun yaradılması üçün nə edilməlidir? - Politoloq
Siyasət09:54 09.08.2021

Azərbaycanda Mer institutunun yaradılması üçün nə edilməlidir? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mer institutunun yaradılması üçün ilk növbədə qanunvericilikdə dəyişiklik olmalıdır. Referendum keçirmədən, millət vəkillərinin yazılı müraciəti və yaxud Prezident Aparatının Qanunvericilik Şöbəsi tərəfindən qanunvericiyə ediləcək dəyişiklik layihəsinin hazırlaması ilə məsələni həll etmək olar. Bu əsasda da cari ilin sonuna qədər qanunvericilikdə dəyişiklik edib, gələn il üçün mer seçkilərinin keçirilməsi prosesinə başlamaq mümkündür”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev qonşu postsovet ölkələrində artıq xeyli müddətdir mer seçkilərinin keçirilməsi fonunda Azərbaycanda da perspektivdə bu istiqamətdə addım atılıb-atılmayacağı məsələsinə toxunarkən deyib. 
Həmsöhbətimiz bildirib ki, Azərbycan qanunvericiliyinə görə, idarəetmə sistemində dövlət və yerli bələdiyyə sistemləri mövcuddur: 
"Amma qanunvericilikdə mer seçkilərilə bağlı məsələyə rast gəlməmişəm. Bu sahədə qanunvericilikdə bir qədər anlaşılmazlıq var. Həm bələdiyyə, həm də icra hakimiyyəti mövcuddur. Yaxşı olar ki, bu istiqamətdə Türkiyə sistemi qəbul edilsin. Fikrimcə, Azərbaycanda 7 iyul tarixində Prezidentin verdiyi sərəncamla həmin sistemə keçid asanlaşıb. Bu sərəncamla ölkə 14 iqtisadi rayona bölündü. Yəqin ki, iqtisadi rayonlar əyalət kimi dəyərləndiriləcək. Burada həm Prezidentin nümayəndəsi olmalı, həm də yerlərdə mer seçkisi keçirilməlidir”. 
 
C. Nuriyev qeyd edib ki, icra hakimiyyəti strukturu keçid dövrü üçün vacib olsa da, indi lüzumsuz bir quruma çevrilib:
"İndi isə ona ehtiyac yoxdur. Azərbaycan artıq keçid dövrünü də başa vurub”. 
Həmsöhbətimizin fikrincə, mer seçkisinə ilk olaraq Şuşa şəhərindən başlamalıyıq: 
"Mer seçkilərinin keçirilməsi üçün ya Milli Məclis tərəfindən qanun qəbul olunmalı, ya da Konstitusiyada dəyişiklik edilməlidir. Təsərrüfat işlərilə mer məşğul olmalıdır. İndiyə qədər Azərbaycanın müharibə ilə bağlı problemi vardı. İndi bu məsələni də həll etdik. Mədəniyyət mərkəzi olan Şuşa şəhərində mütləq seçkili meriya fəaliyyətə başlamalıdır. Həmçinin, respublika tabeliyində olan 14 şəhərdə mer institutu yaradılmalıdır”.
Rüfət Sultan