Xəbər lenti

Azərbaycanda neft hasilatı 150 ildə necə dəyişib?
Ekonomiks09:59 27.09.2024

Azərbaycanda neft hasilatı 150 ildə necə dəyişib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda istehsal göstəriciləri ilə bağlı ən qədim statistika məhz neft sektoru ilə bağlıdır.
Modern.az-ın məlumatına görə, Azərbaycanda neftin sənaye üsulu ilə hasilatına XIX əsrin ortalarından başlanıb.
1848-ci ildə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan vurmuş neft fontanı Azərbaycanda "qara qızılın" sənaye üsulu ilə çıxarılmasının əsasını qoymuşdur.
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlamışdır.
1871-ci ildən neft hasilatının statistikası aparılır.  
Həmin il Azərbaycanda qaz kondensatı da daxil olmaqla xam neft hasilatı 19 min ton təşkil edib.
4 ildən sonra hasilat 100 min tonu keçib, 1875-ci ildə  Azərbaycanda 105 min ton neft çıxarılıb.
Azərbaycanda neft hasilatının 1 milyon tonu keçməsi 10 il vaxt alıb.
1884-cü ildə hasilat 1 milyon 460 min ton olub. 1901-ci ildə hasilat növbəti psixoloji həddi 10 milyon tonu keçib. Həmin il 10 milyon 979 min ton neft çıxarılıb.
Lakin 3 il sonra kəskin tənəzzül başlayıb. Düz 1930-cu ilədək illik hasilat 2 -9 milyon ton arasında dəyişib.
Ən aşağı göstərici isə 1921-ci ildə qeydə alınıb. Həmin il respublikada cəmi 2 milyon 457 min ton neft çıxarılıb.
1930-cu ildən başlayaraq illik hasilat 10 milyon tondan çox olub və  1936-cı ildə 20  milyon tonluq növbəti həddi keçib.
İkinci Dünya müharibəsi dövründə hasilat yenidən azalıb, 1962-ci ilədək illik istehsal 10-20 milyon ton arasında dəyişib.
Düz 8 il Azərbaycanda neft hasilatı davamlı olaraq 20 milyon tonu üstələyib.
1971-1993-cü illərdə hasilatda sabit azalma müşahidə olunub və illik 10-20 milyon ton arasında dəyişib.
1994-cü ildə istehsal yenidən 10 milyon tondan az olub və bu səviyyə 4 il davam edib.   
1998-ci ildən sonra  hasilat kəskin şəkildə artmağa başlayıb.
Buna 1 il əvvəl Çıraq Platformasında ilk neftin çıxarılması səbəb olub.
1998-ci ildə hasilat 11 milyon tona yüksəlib.
2005-ci ildə  Azəri-Çıraq-Günəşli yatağının birinci fazası çərçivəsində hasilata başlanılıb.
Həmin il ölkədə neft hasilatı 22 milyon tonu keçib.
Bundan 1 il sonra hasilat təxminən 50 faiz artıb və 32 milyon tona yüksəlib.
Qərbi və Şərqi Azəri yataqlarında hasilata başlanılması ilə əlaqədar 2007-ci ildə neft hasilatında yenidən sıçrayış qeydə alınıb və istehsal 42 milyon tonu keçib.
2009-cu ildə isə hasilat göstəricisi 50 milyon tonluq növbəti həddə çatıb.
Azərbaycanın neft sənayesi tarixində rekord göstərici 2010-cu ildə qeydə alınıb.
Həmin il 50 milyon 838 min ton neft istehsal edilib.
2011-2016-cı illərdə neft hasilatı 40-50 milyon ton arasında dəyişib, amma sabit templə azalmağa doğru gedib.
2017-ci ildə istehsal 40 milyon tondan aşağı düşüb və 2023-cü ilədək sabit templə azalıb.
Ötən il Azərbaycanda neft hasilatı 30,2 milyon ton təşkil edib.