Daxili İşlər Nazirliyi (DİN) Biləsuvarda polisin əməliyyat zamanı baltalanması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə "Report”un sorğusuna cavabında bildirib ki, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində polis əməkdaşları heç bir əməliyyat tədbiri keçirməyiblər:
"Sadəcə rayon məhkəməsindən daxil olmuş qərardadın icrası ilə əlaqədar polis əməkdaşları noyabrın 23-də səhər 10 radələrində həmin kənd sakini Rauf Şahbazovun yaşadığı evin qarşısına gəliblər. Polis həyətə daxil olmaq istəyərkən Rauf Şahbazov və qardaşı Rəşad onlara balta ilə müqavimət göstəriblər. Əməkdaşların peşəkarlığı və ayıq-sayıqlığı nəticəsində Rauf Şahbazov və qardaşı zərərsizləşdirilib. Bu zaman asayiş keşikçilərindən biri yüngül xəsarət alıb. Həmin əməkdaş xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.
O. Mansurzadə həmçinin qeyd edib ki, Rauf və Rəşad Şahbazov qardaşları polis tərəfindən saxlanılıb, onlardan 2 ədəd balta maddi sübut kimi götürülüb.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***11.47
Biləsuvar rayonunda əməliyyat keçirən polis kapitanı balta ilə vurulub.
Qaynarinfo "qafqazinfo"ya verdiyi xəbərə görə, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.
Kəndin bir neçə sakini barəsində polis şöbəsinə şikayət daxil olub. Bununla əlaqədar həmin şəxslər izahat verməsi üçün dəvət olunublar. Lakin vətəndaşlar polisin çağırışından imtina ediblər.
Buna görə də şöbədə polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb və əməliyyatçılar həmin şəxsləri saxlayıb şöbəyə gətirmək üçün Aşağı Cürəli kəndinə yollanıblar.
Həmin kənd sakinləri polis əməkdaşlarına qapını açmayıblar. Əməliyyatçılardan biri, polis kapitanı Rafael Ağamalıyev qapını açıb içəri girmək istəyəndə kənd sakini balta ilə onun başına doğru zərbə endirib.
Bu zaman R. Ağamalıyev zərbədən qismən yayına bilib və balta onun sinəsinə sancılıb. Yaralı olan R.Ağamalıyev Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Artıq polis kapitanını balta ilə yaralayanlar saxlanılıb. Onlar iki qardaş - Aşağı Cürəli kənd sakinləri Şahbazov Rauf Malik oğlu və Şahbazov Rəşad Malik oğludur.
Onlar barəsində məhkəmənin qərarı ilə məcburi gətirilmə qərarı verilib. Hər iki qardaş saxlanılıb. Polis R.Ağamalıyevin səhhəti normaldır.