"Tədrisin keyfiyyətinin artırılması məktəbin qız və yaxud oğlanlardan ibarət olması ilə ölçülə bilməz. Elə olsaydı, Qızlar Universitetinin nəticəsi ən yaxşı olardı”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Milli Məclisin deputatı Fazil Mustafanın Azərbaycanda qızlar üçün oğlanlardan ayrı məktəblərin açılması barədə səslədnridiyi təklifə münasibət bildirərkən deyib:
Azərbaycanda Konstitisiya və Təhsil Haqqında Qanuna görə təhsil ümumidir. Ona görə də ölkəmizdə çinsinə, irqinə, milli mənsubiyyətə görə təhsil müəssisələrinin qruplaşdırılması mövcud deyil. Belə bölümə ehtiyac görmürəm. Buna baxmayaraq, Azərbaycanda Qızlar Universiteti fəaliyyət göstərir. O şəxs gələcəkdə cəmiyyətdə oğlanları görəcəksə, orta məktəblərdə onları ayırmağa ehtiyac yoxdur. Qızlarla oğlanların bir yerdə təhsil almaları tədrisin keyfiyyətinə hər hansı bir mənfi təsir göstərmir”.
Ekspert istənilsə belə, deputatın təklifinin reallaşdırılmasının mümkün olmadığını bildirir:
"Ölkədəki 4432 orta məktəbi orada oxuyan qızlar və oğlanlar arasında bölsək, təhsilin əlçatanlığı da təmin edilməyəcək. Onlara dərs deyəcək kontingentin təşkili də mümkün deyil. Orta məktəblərdə çalışan 150 min müəllimin 80 faizini qadınlar təşkil edir. Şagirdlər arasında isə bu göstərici 50/50-dir. Belədə qızları müəllimlə təmin etsək də, oğlan şagirdləri tam təmin edə bilməyəcəyik”.
F. Mustafanın deputat həmkarı Anar İsgəndərov isə sözügedən təcrübədən istifadəni mümkün hesab edir:
"Dünya təcrübəsində, o cümlədən Azərbaycanın da təcrübəsində bu hal olub. Ona görə alternativ variant kimi qızların oğlanlardan ayrı məktəblərdə oxuması da mümkündür. Türkiyədə də bəzi liseylərdə birmənalı olaraq sırf qızlar, bəzilərində də sırf oğlanlar oxuyur. Azərbaycanda da belə təcrübədən istifadə etmək olar. Bunun heç bir ziyanı və çatışmazlığı yoxdur”.
Qeyd edək ki, "Astar” verilişinin aparıcısı Ulvira Qarayevanın qonağı olarkən Milli Məclisin deputatı Fazil Mustafa qızlar üçün oğlanlardan ayrı məktəb açılmasının vacib olduğunu söyləyib. Deputat iddia edib ki, bu halda qızlar həyata daha hazır vəziyyətdə yetişir: "Bütün ixtisasları, dili və musiqini öyrənirlər”.
Rüfət Sultan