Xəbər lenti

Azərbaycanda su problemi olacaq? (RƏSMİ)
Ölkə 18:24 22.11.2023

Azərbaycanda su problemi olacaq? (RƏSMİ)

Qlobal iqlim dəyişmələri ilə bağlı bütün dünyada olduğu kimi Azərbaycanda da yerüstü və yeraltı su ehtiyatlarının həcmi azalıb. Hazırda Arazda, Samurda və digər çaylarda suyun həcmi azalıb. Bu gün Azərbaycanda şirin su ehtiyatlarının cəmi təxminən 2-2.2 faizi içməli su məqsədi ilə istifadə olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı "APA-Economics”in sorğusuna cavab olaraq bildirib.

"Azərsu"ASC-nin illik olaraq həm yeraltı, həm də yerüstü mənbələrdən il ərzində 600 milyon kubmetrə yaxın götürülən suyun təmizlənib, emal edilib və nəql edilərək istehlakçılara çatdırıldığını deyən A.Cəbrayıllı qeyd edib ki, səmərəliliyin artırılması isitqamətində də işlər görülür: "Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı tədbirlər planına əsasən, Dövlət Su Ehtiyatları Agentliyi "Azərsu" ASC-nin qarşısına bir sıra məsələlər qoyulub. Su itkilərinin azaldılması, sudan qanunsuz istifadənin qarşısının alınması, eyni zamanda da səmərəli istifadə ilə bağlı təbliğat, təşviqat işlərinin aparılması və sayğaclaşmanın həyata keçirilməsi bizim əsas hədəflərimizdəndir.

Qeyd edim ki, biz 2020-ci ilin yayından bu istiqamətdə işlərimizi gücləndirmişik. Təkcə cari ilin 10 ayında 14 mindən çox sudan qanunsuz istifadə halının qarşısını almışıq. Nəticə etibarı ilə, hər bir fakt üzrə qanuna müvafiq olaraq dəymiş ziyan hesablanıb. Artıq həmin vətəndaşlar abonent kimi istifadə etdiyi suyun dəyərini ödəyirlər”.

"Təkcə cari ilin 10 ayında 100 mindən artıq sayğac quraşdırılıb və ya yenisi ilə əvəzlənib”, - deyə o əlavə edib.

A.Cəbrayıllı bildirib ki, hazırda ölkə üzrə abonentlərin 89.5 faizi sayğacla təmin olunub, növbəti illərdə bu rəqəmin 100 faizə çatdırılması nəzərdə tutulur:

"Artıq bu istiqamətdə növbəti layihəmiz start götürüb. Bu yeni layihə Bakıda və Abşeron yarımadasında həyət evlərinin su sayğacları ilə təmin olunması ilə bağlıdır. Qeyd edim ki, bu gün Abşeron yarımadasında təxminən 50 mindən artıq həyət evi var ki, onlar sayğacla təmin olunmayıb: "Xüsusən də həyət evlərində suvarma dövründə sudan daha çox istifadə olunur. Artıq yeni layihənin icrasına başlanılıb. Nəticədə gələn ilin əvvəllərinədək 20 mindən artıq sayğacın quraşdırılması nəzərdə tutulub”.

"Hazırda Sabunçu, Abşeron, Binəqədi rayonlarında bu istiqamətdə işlər davam etdirilir. Qeyd edim ki, sayğac olmayan yerdə sudan daha çox israfçılıqla istifadə olunur. Belə ərazilərdə itkilər daha çox olur, nə qədər sərfiyyatın olduğunu qeydə almaq mümkün olmur. Elə hesab edin ki, bir həyət evidir, hər ay 20 kub həcmində sərfiyyat verilir, amma faktiki olaraq yay aylarında həmin ərazidə 100 kublarla su istifadə olunur. Lakin sayğac quraşdırıldıqdan sonra dəqiq uçot aparılacaq və vətəndaş daha çox pul xərcləməmək üçün sudan qənaətlə istifadə etmək nəcburiyyətində qalacaq. Nəticədə israfçılıq və su itkilərinin qarşısı alınacaq”, - deyə qurum rəsmisi bildirib.

Kanalizasiya və su xətlərinin yararsızlığına gəlincə, A.Cəbrayıllı qeyd edib ki, hələ də ölkədə sovet dövründə tikilən bəzi xətlər istismardadır:

"Lakin qeyd edim ki, son 10 ildə regionlarda və Bakıda 15 min kilometrdən artıq yeni su xətləri çəkilib. Bakıda istismar müddətini başa vurmuş həm magistral xətlər, həm də şəbəkənin yenilənməsi işləri aparılsa da, hələ də bəzi ərazilərdə köhnə xətlərdən istifadə olunur. Bu xətlər dövlət investisiyası hesabına mərhələlərlə yenilənir. Hansısa küçədə əsaslı təmir-bərpa işləri aparılırsa, bu zaman Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən "Azərsu"ASC-ə müraciət olunur, həmin əraziyə baxış keçirilir. Xəttin istismar müddəti başa çatdıqda onun yenilənməsi həyata keçirilir. Təkcə Abşeron yarımadasında istismar olunan şəbəkənin təxminən 25-26 faizi vətəndaşlar tərəfindən fərdi qaydada, normativlərə cavab verməyən formada çəkilən su xətləridir”, - deyə qurum rəsmisi vurğulayıb.
O bildirib ki, "Azərsu" ASC-nin daxili imkanları hesabına bu xətlər də mərhələli şəkildə yenilənir:

"Artıq mərkəzləşdirilmiş şəbəkənin yaradılması işləri həyata keçirilir. Lakin qeyd edim ki, hələ də Abşeron yarımadasında mərkəzləşdirilmiş qaydada su əldə edə bilməyən ərazilər var: Türkan, Zira, Binə, Qala qəsəbələrinin böyük bir hissəsini buna misal olaraq göstərmək olaraq. Qeyd edim ki, bu ərazilərdə yaşayan sakinlərin təxminən 2/3-i mərkəzləşdirilmiş içməli su şəbəkəsi ilə təmin olunmayıb. Bu ərazilərin yalnız 30-35 faizində evlərə su xətti çəkilib”.

"Su olmayan ərazilərdə də mərkəzləşdirilmiş şəbəkənin yaradılması dövlət investisiyası hesabına mərhələli şəkildə həyata keçirilir”, - A.Cəbrayıllı vurğulayıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı "Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı dərc olunan hesabatında qeyd olunub ki, 2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında 18-ci yerdə qərarlaşacaq.

2025-ci ilədək isə Azərbaycanın adambaşına ən aşağı təminatlı su ehtiyatlarına malik 13 ölkə arasında qərarlaşacağı proqnoz edilir.

Hesabatda, Azərbaycanda su təminatı və kanalizasiya sisteminin köhnəlmiş, səmərəsiz vəziyyətdə olduğu qeyd olunub.

Həmçinin, ölkədə su paylayıcı sistemlərin köhnə olması ilə əlaqədar, təxminən 50 faizədək su son təyinat nöqtəsində itir.

Bundan başqa, çirkab suların təmizlənməsində dairəvi təsərrüfat fəaliyyəti üçün böyük potensialın olduğu vurğulanıb.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->