Dünya 08:48 20.05.2023

Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başladı

Prezident seçkilərinin ikinci turu ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi mayın 20-də yerli vaxtla saat 08:00-də səsverməyə açılıb.

Qaynarinfo istinadən xəbər verir ki, Bakıda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın Türkiyə səfirliyinə gələrək öz namizədlərinə səs verirlər. Səsvermə prosesinə mayın 22-də yekun vurulacaq.

Naxçıvanda yaşayan Türkiyə vətəndaşları üçün də mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı səsverməsi başlayıb.

Bu gün səhər saat 8-də Baş konsulluqda yaradılan səsvermə məntəqəsində prosesə start verilib. Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya səsvermədə iştirak edib.

Türkiyə vətəndaşları həmçinin Gəncədəki baş konsulluq binasında da səs verirlər.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçirilir. Seçkilərin ikinci turunda qalib gələn iki namizəddən biri Türkiyə Prezidenti olacaq.

Seçkilərin 2-ci turunda mübarizə aparan hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan ilk turda 49,52 faiz səs toplayıb. Müxalifət lideri Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs yığıb.