Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyə qədər qaz tədarükü 25 milyard kubmetr həddinə çatıb.
Qaynarimfo xəbər verir ki, bu barədə TAP konsorsiumu açıqlama yayıb.
"Etibarlı enerji daşıyıcısı olan TAP Avropanın enerji təhlükəsizliyini daha da artırmaq üçün mərhələli şəkildə genişlənə bilər”, deyə korsorsium bildirir.
Qeyd edək ki, Azərbaycan TAP vasitəsilə Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başlayıb. Boru kəmərinin ilkin buraxılış gücü 20 milyard kubmetrədək genişləndirilmə potensialı ilə ildə 10 milyard kubmetr təşkil edir. Tədarük 25 il üçün nəzərdə tutulub. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Şərhlər