Xəbər lenti

Azərbaycanı dünyanın öncüllərindən biri edən dəyər - Əsrlərin təcrübəsi
11:01 08.04.2022

Azərbaycanı dünyanın öncüllərindən biri edən dəyər - Əsrlərin təcrübəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin daim inkişaf etdirilməsi sivil dövlətlərin daxili və xarici siyasətində ən öndə dayanan məsələlərdən biri və hətta birincisi olub. Azərbaycan dövləti və xalqı da bu baxımdan hər zaman bu istiqamətdə gördüyü işlərlə ən öndə olanlardandır. 
Hələ dönüb tarixə boylansaq, görərik ki, bu coğrafi ərazidə yaranan ilk sivilizasiyada belə insanlar toplu halda, sivil şəkildə yaşyıblar. Zaman keçdikcə formalaşan Azərbaycan dövləti fonunda burda yaşayan dinindən, dilindən, irqindən asılı olmayaraq ölkənin hər bir vətəndaşı  bu dövlətin quruculuğunda fərd olaraq öz azad iradəsiylə iştirak etib.  
Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik şəxslərin min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu var.
Bu gün də dini və milli tolerantlıq Azərbaycan Respublikasının siyasətinin ən başlıca vəzifələrindən biri hesab olunur. Ölkə ərazisində milli mənsubiyyətindən, dini etiqadından asılı olmayaraq yaşayan hər bir şəxs söz, fikir azadlığına, sərbəst yaşamaq hüququna malikdir. 
Siyasətimizin prioritet məsələsi
Dövlətin bu istiqamətdə gördüyü işlərdən danışan politoloq Tural İsmayılov qeyd edir ki, Azərbaycanın prioritet siyasət istiqamətlərindən birini dini və milli tolerantlıq təşkil edir:
"Müstəqillik qazandıqdan sonra Azərbaycan təkcə bizim Cənubi Qafqaz regionu üçün deyil, bütünlükdə Avrasiya məkanı və qlobal arena üçün əhəmiyyətli siyasi xətt həyata keçirib. Dövlətin həyata keçirdiyi bu siyasət nəticəsində milli tolerantlıq Azərbaycan dövlətinin ümdə siyasi prioritetlərindən birini təşkil etməyə başlayıb”. 
Milli həmrəylik tolerantlığın əsası kimi
Tolerantlığın hərfi anlamı dini dözümlülükdür. Yəni digər inanc və əqidələrə dözümlü yanaşma. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir.
Bu mövzuda danışan Tural İsmayılov bildirir ki, Azərbaycanda dinindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına, eyni zamanda Azərbaycan vətəndaşı olmayıb ölkəmizə gələn qonaqlara həmişə dövlət səviyyəsində böyük qayğı göstərilib:
"Məhz dövlətin bu dini və milli tolerantlıq konteksində həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə böyük bir həmrəylik hökm sürür. Bu həmrəylik nəticəsində xalq-ordu, xalq-dövlət birliyi şəkilində özünü təcəssüm etdirir ki, istər Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə xalqın torpaqlarımızın azad olacağına olan inancı, daha sonra 44 günlük Vətən müharibəsində inancından və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev ətrafında birləşməyi dini və milli tolerantlıq sahəsində dövlət siyasətinin perspektivlərinin nə qədər uğurlu olduğunu göstərib”. 
Ölkəmizdə dinlərarası münasibətə də toxunan, müxtəlif dini etiqadlı insanların birgə yaşayışından da danışan ekspert bildirib ki, bu sahədə də ölkəmizdə hər zaman bir müstəqillik, humanizm hökm sürüb:
"Azərbaycanda bütün dinlərin nümayəndələri ölkə qanunvericiliyi çərçivəsində öz dini inanclarını sərbəst şəkildə davam etdirə bilirlər. Bu fərqlilik, bu multikulturalizm ölkəmizin əsas dəyərlərindən birini təşkil edir. Bu günə qədər ölkəmizdə hər dini etiqada mənsub şəxsin öz dini ayinlərini yerinə yetirməsi üçün hər cür şərait yaradılır. Bu gün ölkəmizdə bir çox yeni məscid tikilib və ya yenidən təmir edilib. Eyni zamanda İslam inancına sahib olmayan digər xalqlar üçün də şərait yaradılıb. Bu gün ölkə ərazisində olan kilsələr, yəhudi sinaqoqları da  qorunur. İnsanlar ora azad şəkildə gedə, dini mərasimlərini həyata keçirə bilirlər”. 
Tural İsmayılov düşünür ki, Cənubi Qafqazda bir tərəfdən Ermənistan kimi moneetnik fərqli millətin, fərqli kültürün yaşamadığı bir toplum var ikən, digər tərəfdən isə Azərbaycan kimi multikultiralizm kimi kultral, bu qədər millətlərarası münasibətlərin inkişaf etdiyi bir coğrafi məkanın olması, ölkəmizin ən önəmli nailiyyətlərindən biridir:
Azərbaycanın bu istiqamətdə keçirdiyi siyasətin dünyanın böyük güclərinin də diqqət mərkəzində olduğunu bildirən politoloq qeyd edib ki, bu gün multikultralizm sahəsində Azərbaycanın həyata keçirdiyi siyasət, ölkəmizin bu sahəyə verdiyi töhfələr beynəlxalq mediada geniş işıqlandırlır:
"Dünyanın önəmli beyin mərkəzləri və tədqiqat institutları Azərbaycanda millətlərarası münasibətlərin inkişafını bir model kimi mənimsəyirlər və artıq bu sahədə beynəlxalq kuluarlarda Azərbaycan modeli real elmi praktiki həqiqət olaraq tədris edilməyə başlanılıb”. 
Tural İsmayılov qeyd edib ki, özəlliklə müxtəlif məzhəb, inanc, etnik kimliyə görə ölkələrin daxilində vətəndaş müharibələrinin getdiyi və eyni zamanda müharibələrin qızışdığı indiki dövrdə mltikultral, çoxmillətli və eyni zamanda sabit olan Azərbaycan həqiqi mənada bu siyasəti ilə qlobal məkanda baş verən bu qarşıdurmaların qarşısının alınması üçün gözəl bir örnək olmağı bacarıb:
"Ölkəmizin məhz bu vəziyyətə gəlməyi də indiyə qədər apardığımız siyasətdir və Azərbaycan gələcəyə yönəlik də millətlərarası münasibətlərin inkişaf etdirilməsi, dini və milli tolerantlıq və multikultiralizm siyasətində öz hədəfləri, planları olan ölkədir”.  
Günay İqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Oxşar xəbərlər