"Azərbaycan xalqı 27 sentyabr Anım Günündə bir daha dünyaya öz gücünü, qüdrətini, iradəsini, həmrəyliyini xatırlatdı. Eyni zamanda, göstərdi ki, Vətən müharibəsində şəhid olanlar, iştirak edənlər hər zaman xalqın xatirində və dövlətin diqqət mərkəzində qalacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Azərbaycanda 27 sentyabr tarixində baş tutan Anım Gününün dünyaya verdiyi mesajı dəyərləndirərkən deyib.
"2020-ci ilin dekabrın 2-də Anım Gününün təsis olunması haqqında imzalanan fərman hər şeydən əvvəl Vətən müharibəsində şəhid olanların xatirəsinin əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacağının, dövlətin bu istiqamətdə hər zaman diqqət nümayiş etdirdiyi və etdirəcəyinin göstəricisidir. Həmçinin, Vətən müharibəsində iştirak edənlər hər zaman anılacaq, dövlətin qayğısı əhatəsində və diqqət mərkəzində olacaq. İzdihamlı Anım Gününün qeyd olunması bir daha göstərdi ki, xalqımız Vətən uğrunda şəhid olanları hər zaman uca tutur, qəlbində yaşadır”, deyə Elşad Mirbəşiroğlu bildirib.
Deputat qeyd edir ki, Anım Günü həm də tarixi qələbəmiz haqqında xatırlatmadır:
"Bu qələbəyə aparan yolun başlanğıcı isə 27 sentyabr tarixidir. Məhz bu tarixdə Azərbaycan dünyaya nümayiş etdirdi ki, onun sərgilədiyi mövqe tam real mövqedir. Ermənistan və havadarları isə Azərbaycanın müharibəyə qədər olan bəyanatlarını ciddi qəbul etməməklə böyük yanlışlığa yol verdi. Azərbaycan işğala son qoymaq üçün Vətən müharibəsinə başladı və qısa zamanda düşmən ordusunu əhəmiyyətli dərəcədə məhv etdi”.
Həmsöhbətimiz bildirir ki, 27 sentyabr Anım Günü dünyaya Azərbaycanın sülhpərvər, humanist dövlət olduğunu nümayiş etdirdi:
"Azərbaycan uzun müddət münaqişənin dinc vasitələrlə tənzimlənməsinə üstünlük verdi. Amma bu addımlar birtərəfli olduğundan nəticə vermədi. Ermənistan işğaldan əl çəkmədiyindən Azərbaycan öz gücü vasitəsilə torpaqları işğaldan azad etdi. Bu mənada 27 sentyabr tarixi həm də dünyaya növbəti xatırlatma oldu.
Rüfət Sultan