(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanmışdır)
"Azərbaycan 1991-ci ildə müstəqilliyinə qovuşanda, əslində, ilk məqsəd dünya birliyinin bərabər hüquqlu üzvü olmaq, milli təhlükəsizliyi, ərazi bütövlüyü, müstəqilliyini təmin etmək, sülhə, quruculuğa, inkişafa töhfə verməkdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Araz Aslanlı Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsindən danışarkən deyib. Politoloq bildirib ki, Azərbaycan bu işin öhdəsindən uğurla gəlir:
"1991-ci ildən bu günə kimi Azərbaycanın bütün dövrlərdəki rəsmi yanaşmasına baxsaq, həmişə bunu görürük. Əslində, bu, bir az da Xalq Cümhuriyyəti mirasının davamı idi. Xalq Cümhuriyyəti qurulmadan öncə Zaqafqaziya Komfederasiyası vaxtında Azərbaycan nümayəndələrinin yanaşması daim sülh, əməkdaşlıq olub. Təəssüf ki, Azərbaycan 1918-ci ildə olduğu kimi, 1991-ci ildə də müstəqilliyini əldə edərkən əsassız iddialar ilə qarşı-qarşıya idi. Qonşu dövətlərin, xüsusən də Ermənistanın əsassız iddiaları Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrlə üz-üzəydi. Bir yandan müstəqilliyi, ərazi bütövlüyünü qorumaq, bir yandan beynəlxalq birliyə inteqrasiya olunmaq bunların hamısını eyni vaxtda həyata keçirmək zərurəti yaranmışdı. Azərbaycan bu işin öhdəsindən uğurla gəldi. 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatına, 1992-ci ildə ATƏT, BMT və digər beynəlxalq təşkliatlara üzv oldu. Bunların arasında sadəcə Azərbaycanın MDB-yə üzvlüyü daxildə qeyri-müəyyənliklə, narazılıqla müşahidə olunub. Amma yekunda belə alınıb ki, 1993-cü ilin sentyabrında Azərbaycan MDB-yə üzv olub. Bunu parlament də təsdiqləyib. Digər beynəlxalq və regional təşkilatlarla Azərbaycan əsasən fikir birliyi ilə əməkdaşlıq edir. NATO, Avropa İttifaqı ilə də əməkdaşlıq var. Azərbaycanın bir müddət rəsmi strategiyası Avro-Atlantik məkana inteqrasiya idi.
Hazırda da Milli Təhlükəsizlik Konsepsiyasında bu ifadə qalır. Amma faktiki xəttimiz Avro-Atlantik məkanına inteqrasiya deyil, mümkün qədər balanslaşdırılmış müstəqil xarici siyasət kursu yürütməkdir. Azərbaycan balanslaşdırılımış, amma Bakı mərkəzli milli xarici siyasət kursu icra edir. Bu kurs nəticəsində Azərbaycanın Ermənistan istisna olmaqla bütün qonşularla, dünyadakı dövlətlərin böyük əksəriyyəti ilə normal və yaxşı münasibətləri var. Bəzi dövlətlərlə bu münasibətlər uzun müttəfiqlik səviyyəsindədir. Azərbaycan regional və qlobal müstəvidə enerji təhlüksizliyinə töhfə verir. Qoşulmama Hərəkatına Azərbaycan ilk başda üzv olanda bu bir müddət daxildə mübahisəyə səbəb olmuşdu, amma tarix və zaman bunun çox doğru qərar olduğunu göstərdi. BMT-dən sonra ən çox üzvü olan beynəlxalq təşkilatdır və Azərbaycan Qoşulmama Hərəkatına üzv olaraq həm Qoşulmama Hərəkatına ciddi töhfə verdi, həm də bu təşkilatın beynəlxalq hüquqa uyğun töhfə verməsində Azərbaycanın rolu oldu. O cümlədən 44 günlük müharibədə biz bunu gördük. Bəzən Rusiya, bəzən də ABŞ yönlü təşkilatlarla bağlı müxtəlif iddialar səsləndirilir ki, Azərbaycan guya üzv olsun. Fikirimcə, Azərbaycan hər hansı bir dövlətin təhlükəsizlik, yoxsa iqtisadi cəhətdən hegomoniyası altında olan bir birliyə üzv olmamalıdır. İndiyə kimi üzv olduğu qlobal və regional təşkilatlar çərçivəsində indiki milli mərkəzi, xarici siyasət xətti davam etməlidir. Amma ola bilər ki, hansısa regional təşkilatda müşahidəçi statusuyla iştirak eləsin, ordakı prosesləri izləsin, ehtiyac olanda həmin çərçivədə mövqelər sərgiləsin. Bu günə kimi olan çərçivə çox uğurludur və bu çərçivəni qorumaq lazımdır. Hansısa bir dövlətin hegomonik görüntüsü olan və bir çox hallarda effektiv də olmayan bir təşkilata əlavə olaraq Azərbaycanın üzvlüyünə ehtiyac yoxdur”.
Dünya birliyi ilə qarşılıqlı əməkdaşlıq və inteqrasiya
Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədlərindən biri də dünya birliyinə inteqrasiya, eyni zamanda beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsi və qarşılıqlı əməkdaşlığa əsaslanan inkişaf platforması formalaşdırmaqdan ibarətdir:
"Azərbaycan bu gün düyanın aparıcı bir neçə beynəlxalq qurumunda kifayət qədər fəal iştirak edir. Həmin qurumlardan biri, Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatıdır. Bu, kifayət qədər nüfuzlu bir qurumdur. Azərbaycan həm regional, həm beynəlxalq digər qurumlarda da fəal iştirak edərək regional proseslərə daha yaxından töhfə verməyə çalışır. Eyni zamanda bütövlükdə beynəlxalq təşkilatlar və dünya birliyi ilə qarşılıqlı əməkdaşlıq və inteqrasiya Azərbaycan üçün iqtisadi baxımdan da vacibdir. Çünki Azərbaycan qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi istiqamətində tədbirlər həyata keçirir. Eləcə də nəzərə alaq ki, bu, həm də Azərbaycanın mövcud potensialının daha böyük anlamda iqtisadi dəyərə çevrilməsi baxımından vacibdir. Biz artıq praktik olaraq müşahidə edirik ki, Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə əməkdaşlığı bütövlükdə milliliyin inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın formalaşması, hədəflərin qurulması, qeyri-neft sektorunun inkişaf fəaliyyətinin genişləndirilməsi birmənalı şəkildə ondan xəbər verir ki, Azərbaycan üçün bu, eyni zamanda 2030 sosial-iqtisadi inkişaf prioritetlərində də öz əksini tapıb. Azərbaycan üçün növbəti dekada, o cümlədən növbəti 5 ildə əsas hədəflərdən biri həm də iqtisadiyyatın liberallaşdırılması ilə bağlı islahatların dərinləşməsidir. Bu, həm də beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi bunun Azərbaycan iqtisadiyyatının inkişafına xüsusi təsirlərinin, töhfələrinin artırılması baxımından vacibdir. Bu baxımdan qarşılıqlı əməkdaşlıq nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar yaradır. Bu da ondan xəbər verir ki, praktik olaraq Azərbaycan beynəlxalq platformalarda daha fəal şəkildə iştirak etməklə həm ölkə iqtisadiyatının inkişafı, həm də regionda əməkdaşlıq və sülhün formalaşmasına xüsusi töhfə verməyə çalışan ölkədir”.
Beynəxalq münasibətlər sisteminin fəal aktorlarından biri
Milli Məclisin deputatı Hikmət Babaoğlu deyir ki, Azərbaycan beynəxalq münasibətlər sisteminin çox fəal və təşəbbüskar aktorlarından biridir:
"Azərbaycan əməkdaşlığa açıqdır, əksər hallarda isə əməkdaşlıq üçün yaxşı platformalar yarada bilir. Bu, iqtisadi, siyasi və diplomatik müstəvidə tez–tez baş verən hadisədir. İstər regional, istərsə də qlobal kontekstdə çoxsaylı nümunələr göstərə bilərik ki, Azərbaycanın təşəbbüsü və müəllifliyi ilə baş tutub. Məsələn, əgər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi, Əsrin Müqaviləsinin baş turması birinci belə mühüm əhəmiyyətli layihə idisə, hazırda bənzər və daha qlobal əhəmiyyətli layihələrn reallaşdığı hadisələrə şahidlik edirik. Nəqliyyat və kommunikasiya layihələri Çindən başalyaraq Avropaya qədər uzanan nəhəng bir geosiyasi və geoiqtisadi coğrafiyanı əhatə edir. Buna paralel olaraq hazırda Azərbaycan dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərakatına sədrlik edir. 2011-2013-cü illərdə BMT Təhlükəsizilik Şurasının Qeyri Daimi üzvü kimi bu təşkilata rəhbərlik edib. Regional müstəvidə isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TÜRK PA, İslam Əməkdaşlığı Təşkilatı kimi mühüm təşkilatlanmalarda fəal iştirakçı və təşəbbüskar aktordur. Bütün bunların üzərinə ikitərəfli dövlətlərarası əməkdaşlıqları və Avropa İttifaqı kimi mühüm ticari tərəfdaşla münasibətləri də gəlsək, ölkəmizin necə mühüm beynəlxalq nüfuza malik aktor olduğunu görə bilərik”.
Bahar Rüstəmli
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər