"Gələcək münasibətlər yanvarın sonunda olacaq görüşün nəticələrindən asılı olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan Prezidenti İlham Əliyevin yerli TV-lərə müsahibəsində sülh müqaviləsi, anklav kəndlərlə bağlı açıqlamasını şərh edərkən deyib.
Natiq Miri vurğulayıb ki, burada əsas məqəm iki hissədən ibarətdir:
"8 kəndin anklav olan və olmayan hissələrilə bağlı ayrı-ayrı yanaşma var. Azərbaycanın istəyi odur ki, anklavda olmayan 4 kənd qaytarılsın. Anklav məsələsi isə sonra müzakirə olunsun. Bu ayın sonunda komissiyanın sərhədə görüşüb məsələni müzakirə edəcəkləri də açıqlandı. Bu xüsusda Azərbaycanın anklavda olmayan 4 kəndinin qaytarılması ilə bağlı İrəvanın hər hansı bir bəhanəsi yoxdur. Gələcək danışıqların pozitiv müstəvidə olması üçün Ermənistan ən azından bu yöndə konkret qərar verməli və addım ataraq həmin kəndləri Azərbaycana qaytarmalıdır ki, digər məsələlər normal müzakirə predmetinə çevrilsin. Bu istiqamətdə yanvarın sonuna doğru konkret razılıq əldə olunmasa, yenə də münasibətlərdə problem yaranacaq ki, bu da sülhün imzalanmasına əngəl ola biləcək amillərdəndir".
Politoloq deyib ki, gələcək münasibətlər ayın sonunda olacaq görüşün nəticələrindən asılı olacaq:
"Həmin görüş sülh müqaviləsi üzrə danışıqlarda müsbət proseslərin olmasına ən ciddi stimul ola bilər. Ona görə də hər şey daha çox İrəvandan asılıdır. Bu istiqamətdə İrəvan müsbət qərar verməsə, sülh müqaviləsi uzanacaq".
Həmsöhbətimizin fikrincə, sülh danışıqlarının kənar vasitəçilər olmadan reallaşmasının alternativi yoxdur:
"Çünki məsələ Azərbaycanla Ermənistan arasında olan məsələdir. Ona görə də hər hansı bir qlobal gücün vasitəçi olaraq iştirakl prosesə yalnız problem yaradır. Çünki onların prosesə müdaxilə etməkdə məqsədləri regionda özlərinin geosiyasi maraqlarını təmin etməkdir. Bu xüsusda prosesə müdaxilə edən qlobal güclər bir-birilə də mübarizə aparır. Ona görə də Azərbaycan prosesi müxtəlif güclərin atəş və hədəfindən çıxarmaq istəyir. Bu optimal variantdır və onun alternativi yoxdur”.
Qeyd edək ki, yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanalarına müsahibə verib.
Rüfət Sultan