Xəbər lenti

Azərbaycanın Eurovision-da DOĞRUDAN da bəxti gətirsə…
Maqazin12:07 27.03.2016

Azərbaycanın Eurovision-da DOĞRUDAN da bəxti gətirsə…

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“The Metro” qəzeti 2016-cı il "Eurovision" Mahnı Yarışının iştirakçıları barədə silsilə yazılarını davam etdirib və bu həftəsonu növbə Azərbaycana çatıb.
Məqalədə deyilir ki, bu il mayın 10-u, 12-si və 14-də Stokholmda keçiriləcək "Eurovision" mahnı yarışında Azərbaycanın təqdim edəcəyi mahnı "Miracle" (Möcüzə) adlanır. Mədəniyyət və incəsənət məsələləri üzrə ekspert Karolina Vestbrook builki yarışa təqdim edilmiş 43 mahnı arasında hansıların nə kimi uğur qazana biləcəyini təhlil edir.
Qanadlı oğlanlardan Möcüzəli qıza
Məqalədə deyilir ki, bu il "Eurovision"da Azərbaycanı təmsil edəcək 21 yaşlı Səmra Rəhimli bu mənada debütünü hələ bu yarış 2012-ci ildə Bakıda keçirilərkən edib. O vaxt onun 16 yaşı vardı. Karolina Vestbrook yazır ki, o vaxtdan bəri Rəhimli özünü “Səs” müsabiqəsinin Türkiyə versiyasında sınayıb və dörddə bir finaladək yüksələ bilib, Azərbaycandakı “Səs”də isə finalçılardan biri olub. 
Müəllif daha sonra təqdim edilən mahnıya toxunur: “Azərbaycan 2008-ci ildəki debütündən bu vaxtadək "Eurovision" yarışlarında ballada janrında düşüncəli, dramatik və “parıltılı qanadlar taxmış oğlanların” oxuduğu mahnılara üstünlük verib (hərçənd burada onların 2009-cu ildə ifa etdikləri ecazkar "Always" mahnısı istisna təşkil edir). Amma bu il onlar Səmranın çox müasir, orta tempolu mahnısını seçiblər. Mahnıda söhbət lirik qəhrəmanın məhkum eşq münasibətlərini hansı "Möcüzə"nin və ya müğənninin oxuduğu kimi hansı “mira-mira-mira-cle”ın xilas edəcəyindən gedir”.
Sadədir, effektlidir
Təqdimat videosundan söz açan Karolina Vestbrook yazır ki, burada azərbaycanlılar “az da çoxdur” prinsipindən çıxış ediblər. Videoda Səmra pəncərələrlə dolu kərpic divarlı otaqda tək-tənha oxuyur. “Sədədir, amma effektlidir” - yazır tənqidçi.
Məqalədə mahnının sözləri barədə bunlar deyilir: “Möcüzə lazım olacaq, oh, oh, möcüzə lazım olacaq bu sevgini sağaltmağa… Yox əzizim, mən bu gecə qalmayacağam, bu dəfə mən “Good-bye” deyirəm, səni buraxıram gedəsən…”
Uğur şansına gəlincə isə, Karolina Vestbrook yazır ki, Azərbaycan "Eurovision"da 2008-ci ildən iştirak edir, amma artıq bir çempionluğu var.
2011-ci ildə El və Nikki “Running Scared” (Qorxu altında qaçmaq), 2013-cü ildə Fərid Məmmədov “Hold me” (Saxla məni) mahnıları ilə bu uğuru az qala təkrar edəcəkdilər. Amma Azərbaycan 2014-cü ildə hətta Birləşmiş Krallıqdan da aşağı pilləni tutub.
“Bəli, bəli, belə də olub” - yazır Karolina Vestbrook. 2015-ci ilin yarışını Azərbaycan 12-ci yerdə başa çatdırıb.
Azərbaycanın ən yaxşı mahnılarından biri
Karolina Vestbrook “Möcüzə” mahnısının mümkün uğuruna proqnoz verib. O yazır ki, Azərbaycan builki mahnısı ilə bütün o köhnə dramatizmi bir tərəfə qoyaraq, daha ənənəvi pop üslübuna keçib. Belə mahnı hətta Qərb hit-paradında da yad səslənməzdi.
Karolina Vestbrook hesab edir ki, bu mahnı azərbaycanlıların "Eurovision" yarışlarında ən yaxşı mahnılarından biri sayıla bilər. Tənqidçinin fikrincə, azərbaycanlılar bu dəfə səhnənin arxa planını cürbəcür bər-bəzəklə doldurmaqdansa, diqqətlərini bu sadə musiqili mahnıya yönəltsələr (yaxşı, siz deyən olsun, arxa planda bir-iki rəqqas da ola bilər) və Səmranın səsinə parlamaq imkanı yaratsalar, onda uzun yolun sonunda birinci onluğa düşə bilərlər.
“Bəlkə, hətta beşliyə də düşə bilərlər…DOĞRUDAN da bəxtləri gətirsə” - yazır Karolina Vestbrook.(BBC)
Qaynar.info