
Məşhur bir məsəl var: Fala inanma, faldan da qalma. Falçılara çoxları inanmadığını deyir, amma yenə də ekstrasenslərin qapısında növbə olur. Maraqlıdır, bəs, məşhurlar necə, falçı yanına gedirlərmi?
Ulduzlar cebhe.info-nun bu barədə suallarını cavablandırıblar.
Xalq artisti, müğənni Flora Kərimova fala inanmır. Həyatında bir dəfə də olsun, falçı qapısı döymədiyini söyləyir: “Nə danışırsız?! Bu, mümkün deyil. Mən ümumiyyətlə, belə şeylərə inanmıram”.
Xalq artisti, aktyor Arif Quliyev “Heç vaxt falçı yanında olmamışam”,- deyir: “Amma bəziləri var ki, həqiqətən gələcəyi görə bilirlər. Vergi verilmək deyilən bir şey var. Yaxşı falçı olsa, yanına gedərəm, Sadəcə, bizdəki falçılar fırıldaqçılardır”.
Əməkdar artist, aktrisa Dilarə Əliyeva da falçıda olmadığını söyləyir: “Mən heç vaxt falçılara inanmamışam və onların yanına getməmişəm”.
Aktrisa Ülviyyə Əliyeva falçıya getməyi günah hesab edir: “Yox, mən inanmıram. Hər şey Allahın yazısıdır. Qismətdə nə varsa, onu da yaşayacağıq. Elə yerlərə heç vaxt getməmişəm”.
Müğənni Xurman Şuşalı isə əvvəllər fala baxdırıb: “Allah bağışlasın, bir zamanlar falçı yanına getmişəm. Amma indi inanmıram, getmirəm. Heç kəsə də getməyi məsləhət görmürəm. Allahdan başqa insanın gələcəyini heç kəs bilə bilməz”.
Sevda Yahyayeva isə deyir ki, uşaq ikən falçı ona gələcəkdə məşhur müğənni olacağını deyibmiş: “Falçı bunu valideynlərimə deyib. Dediyi də gördüyünüz kimi gerçək oldu. Amma mən fala baxdırmağa inanmıram”.
Müğənni Səidə Sultan isə deyir ki, insanların çətinliyi olan zaman falçıya müraciət edirlər: “Əvvəllər mən də tez-tez falçı yanına gedirdim. Sonradan anladım ki, bunlar boş şeylərdir. Allaha inanmaq lazımdır. Başa düşdüm ki, falçının dediklərinə inandıqda onlar həqiqətən baş verir. Bunlara fikir verməmək lazımdır”.
Müğənni İlhamə Qasımova “Mənim yolumu bağlamaq istəyiblər”,- deyib: “Özüm də falçı yanına getmişəm, mənə maraqlı gəlirdi. Bir dəfə kofe falına baxırdırdım, dediklərinin 90 faizi həyata keçib”.
Qaynarinfo.Az