Xəbər lenti

Azərbaycanın uğurları Qazaxıstanın uğurlarıdır - Deputat
Siyasət08:01 25.08.2022

Azərbaycanın uğurları Qazaxıstanın uğurlarıdır - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu iki qardaş ölkənin münasibətləri tarixində tamamilə yeni bir mərhələ yaratmaqla yanaşı, daha dərin inkişaf və inteqrasiyaya gətirib çıxaracaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında deputat Hikmət Babaoğlu Qazaxıstan prezidentinin Azərbaycana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Qazaxıstan Azərbaycan münasibətləri Orta Asiya və Cənubi Qafqaza regionunda iqtisadi-siyasi baxımdan təyinedici münasibətlərdir:
"Hər iki ölkənin iqtisadi və kommunikasiya ehtiyatları böyük potensiala sahib olmaqla tarixi İpək yolunun orta xətti üzrə əsas vektoru təşkil edir. İstər tarixi kontekstdə, istərsə də son 30 illik müstəqillik dövrü tariximizdə Qazaxıstan və Azərbaycan etibarlı tərəfdaş, yaxın dost və qardaş ölkələr olub. Ən yaxın siyasi keçmişimizin çətin dövrlərində, artıq tarixə qovuşmuş münaqişə dövrü tariximizdə qardaş ölkə istər siyasi diplomatik istərsə də mənəvi-siyasi baxımdan həmişə Azərbaycanın yanında olub. Əldə etdiyimiz tarixi zəfərimizdən sonra da Qazaxıstan bu uğurlarımızı öz uğuru kimi qəbul edən ölkələrdən biri kimi çıxış edib”. 
Deputat bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində iştirak etmək istəyən, həmin əraziyə sərmayə yatırmaq üçün müraciət edən şirkət və özəl sektor nümayəndələri içərisində də Qazaxıstan təmsilçiləri birinci yerdədir: "Təsadüfi deyil ki, qardaş ölkənin prezidenti Qasım Jomart Tokayevin Azərbaycan səfərinin rəsmi tərəfi ilə bərabər mənəvi-siyasi tərəfi də yadda qalan oldu.  Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan dövlətinin ən ali mükafatı Altın Qıran-Qızıl Qartal ordeni ilə təltif edilməsi yuxarıda dediklərimizin əyani sübutudur. Elə Qazaxıstan tərəfindən Füzuli  rayonunda tikiləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsinin təqdim edilməsi də bəhs etdiyimiz mənəvi-siyasi münasibətlərin əsas göstəricilərindən biri hesab edilə bilər. Çünki  Qarabağ Azərbaycanın musiqi beşiyi mədəniyyət mərkəzlərindən biridir.  Kurmanqazı Saqırbayulu da 19-cu əsrin əvvəllərində yaşamış böyük qazax musiqiçisi və bəstəkarıdır. Onun dombra üçün yazdığı "küy” lər bu  gün də qazax musiqi yaradıcılığının əsas ilham mənbələrindən biridir”. 
Hikmət Babaoğlu Şuşa və Türküstan şəhərlərinin qardaşlaşmasının isə ayrıca bir hadisə olduğunu vurğulayıb:"Çünki Türküstan Əl Fərabinin, Əhməd Yəsəvinin, Şuşa İsə Əhməd bəy Ağaoğlunun, Üzeyir Hacıbəyovun vətənidir. Göründüyü kimi bütün bunlar xüsisi diqqət və uzaqgörən hədəflərə hesablanaraq atılan, tarixi ortaq köklərimizə hesablanan qərarlardır. Müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarına gəldikdə isə Azərbaycan və Qazaxıstan arasında imzalanan "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iki qardaş ölkənin gələcək təhlükəsizlik və əməkdaşlıq perespektivləri baxımından mühüm əhəmiyyət kəsb edən strateji sənəddir”. 
Bahar Rüstəmli