Xəbər lenti

Azərbaycanlı futbolçu niyə İspaniya yox, Portuqaliya klubuna keçdi?
İdman14:50 20.07.2016

Azərbaycanlı futbolçu niyə İspaniya yox, Portuqaliya klubuna keçdi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, azərbaycanlı futbolçu Elnur Cəfərov Portuqaliyanın "Tondela" klubunda çıxış edəcək. Futbolçumuz artıq bu klubun keçirdiyi 2 yoxlama oyununda da meydanda olub.

Lakin gənc oyunçumuzun Portuqaliya variantından əvvəl Pireney yarımadasının digər ölkəsi - İspaniyada çıxış etmək imkanı da vardı. Daha da konkretləşdirsək, "Xəzər Lənkəran"ın yetirməsi legioner karyerasına İspaniya Sequnda təmsilçisi "Real Ovyedo" klubunda başlamalı idi. Hətta futbolçu bu klubda məşqlərə çıxmış, əksəriyyət tezliklə onun yeni klubu ilə müqavilə bağlayacağını gözləyirdi.

Qaynarinfo.az İspaniya yox, Portuqaliya variantının alınmasının səbəblərini öyrənmək üçün futbolçunun Portuqaliya klubuna keçidində vasitəçi olan AFFA-nın administratoru Riad Rəfiyevlə əlaqə saxlayıb. O bunları deyib: "Bildiyiniz kimi, "Real Ovyedo" bu futbolçuya görə "Xəzər Lənkəran" klubunun istədiyi 40 min dolları ödəməli idi. Lakin ispanlar bunu dərhal ödəmədiyi üçün AFFA bu pulu kluba verib, futbolçunun azad agent statusuna malik olmasına şərait yaratdı. "Real Ovyedo"ya keçhakeçdə isə baş məşqçi və idman direktoru dəyişdirildi. Halbuki həmin bu 2 şəxs Elnur Cəfərovun ora keçidində maraqlı idi. Elnur orda bəyənilmişdi. Onun bəyənilməməyindən söhbət gedə bilməz. Komandaya yeni baş məşqçi kimi əfsanəvi veteran Fernando Yerro gətirildi. Onun Elnuru oynadıb-oynatmayacağına əmin olmadığımızdan, Portuqaliya variantına üstünlük verdik. Elnur orda o qədər də darıxmayacaq. Çünki MDB məkanından rus Vitali Lıstsov da "Benfika"dan icarəyə götürülüb".

Qeyd edək ki, Elnur Cəfərov yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Qaynarinfo.az