
Həyatda hər kəsin bir və bəzən də bir neçə hobbisi olur. Kimisi musiqi dinləməyi, başqa biri səyahətə çıxmağı, bəziləri kinoya, tamaşaya baxmağı, başqaları idmanla məşğul olmağı, kimisi balıq ovuna çıxmağı, bir qismi rəsm çəkməyi, digər qismi də kitab oxumağı öz hobbisi sayır.
Bəs görəsən, Azərbaycan sənət adamları kitab oxuyurlarmı?
"Qaynarinfo.Az" bu sualla sənət adamlarına müraciət edib.
Xalq artisi Flora Kərimova kitab oxumağa vaxtı olmadığını deyib: "Kitab oxumağı çox sevirəm. Gecələr səhərə qədər oxuyurdum. Ancaq artıq 10 ildir, yəni internet populiyarlaşandan vaxtım olmur. Çünki dünyada baş verənlərlə daha çox maraqlanıram. İndi bədii kitab oxumuram. Rus klassikləri ilə böyümüşəm və ona görə də demək olar ki, rus klassiklərinin hamısını oxumuşam".

Bəstəkar Sevinc Tofiqqızı da işi ilə əlaqədar kitab oxumağa zamanı olmayanlardandır: "İşlərimin hədsiz dərəcədə çox olduğu üçün kitab oxumağa zamanım olmur. Kitab oxuyuram, amma bu ərəfələr bu heç cür mümkün olmur. Çünki layihələrim olduqca çoxdur və səhətim də buna imkan vermir".

Əməkdar artist Ədalət Şükürov: "Hazırda bağdayam. Kitab nə qədər istəyirsən, var. Oxuyuruq."

Əməkdar artist Elza Seydicahan: "Kitab oxumağı çox sevirəm. Hətta mən kitablarla bağlı konsert də vermişəm. Son vaxtlar əsasən "Mədəniyyətlərin Beşiyi Təbriz" kitabın oxuyuram. Kitabda Təbrizin aşiqləri, görkəmli xadimlərindən bəhs edir. Son günlər çalışıram ki, vaxtım az olsa da, o kitabdan heç olmasa gündə 1 vərəq oxuyum".

Müğənni Murad Arif: "Hər zaman oxuyuram. Məndə bu prosses dayanmır. Bir kitabı bitirən kimi, başqasına bağışlayıram. Gregori Devid Lyuis "Shantaram" kitabını oxuyuram. Son dərəcə maraqlı romandır. Əsərin qəhrəmanı eyniylə mənim kimi həyat suallarına cavab axtarır."

Rəqqasə Fatimə: "Kitab oxumağı sevirəm. Hazırda Jane Austenin "Aşk və Qürur" kitabını oxuyuram. Kitabda 3 bacıdan və əsl sevgidən bəhs edilir. Olduqca maraqlı kitabdır və hər kəsə oxumağı tövsiyyə edirəm".

Elariz Məmmədoğlu: "Son olaraq Çingiz Abdullayevin "Опрокинутая реальность" kibatını oxumuşam. Çox xoşuma gəldi".

Zümrüd
Qaynarinfo.Az