Xəbər lenti

Azərbaycanlılar erməni qatarını girov götürüb bunu tələb etdilər... – ABŞ mediası
Siyasət11:27 20.08.2020

Azərbaycanlılar erməni qatarını girov götürüb bunu tələb etdilər... – ABŞ mediası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
1991-ci ilin sentyabr ayında Naxçıvanda ermənilər tərəfindən oğurlanan iki çoban və min beş yüz qoyuna görə bir qrup azərbaycanlı Qafan-İrəvan xətti üzrə hərəkət edən sərnişin qatarını girov götürüb.
Qaynarinfo xəbər verir ki, bu haqda "Facebook”da AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) bölmə rəhbəri Nihat Vəlizadə yazıb. 
O, hadisəni belə nəql edib:
Deməli, 1991-ci ildə ermənilər Naxçıvan-Ermənistan dövlət sərhədinə çox yaxın bir ərazidə çobanlıq edən iki azərbaycanlını və onlara məxsus min beş yüz qoyunu oğurlayırlar. Hadisədən hiddətlənən bir qrup azərbaycanlı içində 81 nəfərin olduğu və əsasən erməni sərnişinlərdən ibarət Qafan-İrəvan qatarını Ordubad rayonunda yerləşən dəmiryolu stansiyasında ələ keçirir. İlkin danışıqlardan sonra qadın və uşaqlar buraxılır və tələb olunur ki, iki çoban və min beş yüz qoyun geri qaytarılsın. Ermənistan tərəfi tələbi dərhal yerinə yetirir və beləcə ələ keçirilmiş sərnişin qatarıda yoluna qaldığı yerdən davam edir”.
Nihat Vəlizadə qeyd edib ki, informasiya blokadasının olduğu bir zamanda baş vermiş bu hadisə Amerika Birləşmiş Ştatlarının 70-dən çox qəzetində işıqlandırılıb:
"Xəbərlərdə istifadə olunan məzmun eynidir və böyük bir ehtimalla amerikalı jurnalistlər bu xəbəri də, Böyük Britaniya mətbuatından əldə ediblər”. 
O bildirib ki, Konnektikut ştatının Hartford şəhərində nəşr edilən "Hartford Courant” qəzetinin 1991-ci il, 15 sentyabr tarixili sayının 7-ci səhifəsində hadisə ilə bağlı xəbər hazırlanıb: 
"Həmin xəbərdə "azərbaycanlı qaçaqlar qatarı qaçırdı, çobanları və qoyunları tələb edirlər”, – deyə yazılıb. Xəbər agentliyinin verdiyi məlumata görə, şənbə günü bir qrup azərbaycanlı oğurlanmış iki çoban və min beş yüz qoyuna görə içində 81 sərnişinin olduğu sərnişin qatarını girov götürüb”. 
Nihat Vəlizadə qeyd edib ki, Azərbaycanın müstəqil mediasından "Assa İradə” bu haqda məlumat verib. Məlumatda qeyd edilib ki, Ermənistan rəsmiləri girovların müqabilində iki çoban və min beş yüz qoyunun geri qaytarılmasına razı olub. 
Nihat Vəlizadə bildirib ki, bu barədə həmçinin Azərbaycan polisinin sözçüsü kapitan Hüseyn Mustafayev də məlumat verib:
"Çobanlar ermənilər tərəfindən İran sərhədinə yaxın olan Naxçıvan Muxtar Respublikasının ərazisində oğurlanıb. Ermənistan və qonşusu Azərbaycan uzun müddət düşmənçilik tarixinə malikdir. Xəbər agentliyinin və sovet televizisyasının məlumatlarına görə, qatar Naxçıvanın cənubunda yerləşən Ordubad dəmiryolu stansiyasında ələ keçirilib. Polis sözçüsünün dediyinə görə, girov götürülənlər arasında olan qadın və uşaqlar qısa müddət sonra sərbəst buraxılsa da, 81 nəfər şənbə günü etibarı ilə hələ də girov olaraq saxlanılmaqdadırlar”.
Nihat Vəlizadə bildirib ki, həmin dövürdə Sovet televiziyasında qatar Qafan-İrəvan xətti üzrə hərəkət etdiyi və əsasən azərbaycanlıların kompakt yaşadığı Naxçıvan Muxtar Respublikasının ərazisindən keçən zaman ələ keçirildiyi haqqında məlumat verilib. 
Nihat Vəlizadə sonda onu qeyd edib ki, internetdə bu xəbərlə bağlı əlavə heç bir məlumat tapa bilməyib.
Günay İlqarqızı