Türkiyənin dövlət kanalı TRT 208 mahnının efirə buraxılmasına qadağa qoyub. Kanaldan verilən açıqlamada bu qərarın qəbul edilməsinə səbəb olaraq qadağan edilmiş mahnıların mətnində siqaret və içki kimi pis vərdişlərin və ya terrorun təbliğinə yönələn ifadələrin işlədilməsi göstərilib.
Maraqlıdır ki, Azərbaycan Televiziyasının efirində də qadağan olunan mahnılar varmı?
Məsələ ilə bağlı "Mədəniyyət" kanalının direktor müavini Nadir Axundov Qaynarinfo-ya açıqlama verib. O, bildirib ki, Az.TV və onun tərkibində fəaliyyət göstərən kanalların xüsusi formatı var və musiqi seçimində də bu format gözlənilir:
"Azərbaycan Televiziyasının efirində əsasən bəstəkar mahnıları səslənir. Ara mahnılarını efirə buraxmırıq. Bizdə qadağan olunan mahnılar sadəcə toyxanalarda səslənən ara mahnılarıdır. Mən heç o mahnıların adını da bilmirəm. Eşitməmişəm, eşitmək də istəmirəm. Bizdə konkret siyahı yoxdur. Mən musiqiçiyəm, səslənən kimi bilirəm ki, hansı ara mahnısıdır. Bunlar əsasən fars, hind, əfqan mahnılarının ritmində olurlar.
Bizdə həmçinin əsasən retro mahnıları səslənir. Onları təkrar veririk ki, camaatın yadından çıxmasın. Hamısı bizim gözəl şairlərimizin sözlərinə yazılıb. Orada artıq kəlmələr ola bilməz. Çünki sovet dövründə senzura var idi. Komitə mahnının həm musiqisinə, həm də sözlərinə ciddi fikir verirdi. Bəstəkarlar ittifaqının üzvü olmayan birinin mahnısı efirə gedə bilməzdi. Amma indi həvəskar bəstəkarların da mahnılarını veririk.
Az.TV-nin və onun tərkibində fəaliyyət göstərən kanalların özünün xüsusi formatı var. Bu, prezidentin kanalıdır. Azərbaycan başdan ayağa şair, müğənni və bəstəkardır. Formata uyğun adamları efirə buraxırıq. Fikir versəniz görərsiniz ki, "Mədəniyyət" kanalı 24 saat işləyir, amma orada bir dənə də olsun bayağı musiqi səslənmir".
Az.TV-nin mətbuat xidmətinin rəhbəri Xadirə Qasım da Qaynarinfo-ya açıqlamasında qadağan olunan mahnılarla bağlı siyahı olmadığını və seçim edərkən peşəkar musiqilərə önəm verildiyini bildirib:
"Peşəkar musiqilər efirə buraxılır. Klassik ifalar, opera, balet, muğam və s. Azərbaycan televiziyasında da, Azərbaycan radiosunda da tələb sadəcə peşəkar musiqidir. Sovet dövründə fəaliyyət göstərən bədii şuralar hansısa mahnıya qadağa qoyurdular. Artıq elə bir şey yoxdur".
Çingiz Səfərli