Əməkdar incəsənət xadimi Arif Əsədullayev Əməkdar artist, xanəndə Babək Niftəliyevi nəzakətsizlikdə ittiham edib.
O bildirib ki, Ağdamda Prezidentin də iştirak etdiyi tədbirdə Babək Niftəliyev Xalq artisti Şəfiqə Eyvazovanın qarşısında dayanıb:
"Ağdamda Prezidentin də iştirak etdiyi tədbir keçirilirdi, mən və Şəfiqə Eyvazova da orada idik. Bir xanəndə var, Babək Niftəliyev adında. Prezident gələndə gəldi, dayandı Şəfiqə xanımın qarşısında. Bu şəxslərə tərbiyə belə verilib? Buna baxmayaraq, o, Əməkdar artistdir. Bu gün yerindən durana Əməkdar artist, Xalq artisti adı verirlər, hamısına ev verirlər”.
Babək Niftəliyev isə Qaynarinfo-ya açıqlamasında hadisənin Ağdam Muğam Mərkəzinin açılışında baş verdiyini bildirib.
"Mən heç kəsin qarşısına keçməmişəm. Dayanmışam, ola bilsin, Şəfiqə xanım sonradan gəlib, amma mən onun arxamda olduğunu görməmişəm. Mən Milli Konservatoriyanın müəllimiyəm, eyni zamanda Prezident təqaüdçüsüyəm, Əməkdar artistəm. Bu qədər titulu olan xanəndə "yerindən duran" sayılır? Bu, bir incəsənət xadiminə yaraşan ifadə deyil. Arif müəllim, ayıb deyil? Bu nə özündən böyük danışmaqdır, özbaşınalıqdır? Belə şey olar? Mənə dövlət ad verib. Mən "yerindən duran" deyiləm, ölkəni təmsil edirəm”.
Babək Niftəliyev əlavə edib ki, 11 yaşından səhnədədir.
"Yerindən duran birinin dövlət tədbirlərində nə işi var? Uşaqlıqdan bu sənətə xidmət edirəm, səhnədəyəm. Ayıb olsun ki, belə ifadə işlədilib. Mən sənət üçün canımı qoyuram, 11 yaşımdan oxuyuram. Adam söz tapmır deməyə, nə deyəsən”.
Qeyd edək ki, Arif Əsədullayev Babək Niftəliyevlə bağlı fikirlərini "Yeni Sabah”a müsahibəsində səsləndirib.
Bahar Rüstəmli
Şərhlər