Xəbər lenti

Bakı ilə İrəvan nə vaxt razılığa gələ bilər? (ŞƏRH)
Siyasət10:23 01.11.2023

Bakı ilə İrəvan nə vaxt razılığa gələ bilər? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakının İrəvana təqdim etdiyi 5 prinsipdən 2-si barədə hələlik razılıq yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamaq üçün hansı məsələlərdə razılaşa bilmədikləri barədə danışarkən deyib. 
Politoloq deyib ki, xəritələr məsələsində hələlik razılıq əldə edilməyib:
"Bakı Ermənistana 5 prinsip irəli sürüb. Artıq həmin prinsiplərdən üçü qəbul edilib. Paşinyan bəyan etdi ki, 3 məsələdə Azərbaycanla mövqeləri üst-üstə düşür. Bunlar ərazi bütövlüyünün tanınması, Alma-Ata bəyannaməsinə əməl etmək və infrastrukturun açılmasından ibarətdir. Yerdə qalan və hələlik razılaşa bilmədikləri sərhədlərin delimitasiya və demarkasiyası məsələsində hansı xəritənin əsas götürülməsi məsələsidir. Azərbaycan 1925-ci il xəritəsini göstərirsə, Zəngəzurda ermənilərdə cəmi 10 km-lik zolaq qalır. Yəni, xəritələr məsələsində hələlik razılıq əldə edilməyib. İkinci məsələ Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyin etməsi məsələsi idi ki, Azərbaycan artıq ona da son qoyub. Artıq Dağlıq Qarabağ inzibati ərazi vahidi yoxdur”. 
Anklavlarla bağlı məqama gəldikdə, ekspert deyir ki, bu məsələ delimitasiya və demarkasiya məsələsinin müzakirəsi zamanı gündəmə gələcək:
"10 noyabr bəyannaməsinin birinci maddəsi ona həsr olunub. Qazaxın 7 və Naxçıvanda bir kənd  erməni işğalındadır. İrəvan da alternativ olaraq Gədəbəydəki Başkəndi məsələsini qaldırır. Bu məsələ də həll oluna bilən məsələdir. Anklavlar məsələsi delimitasiya və demarkasiya məsələsinin müzakirəsi zamanı gündəmə gələcək. Ona görə də indilikdə bu məsələ müzakirə olunmur. İş ondadır ki, Ermənistanın sabit mövqeyi yoxdur. Paşinyan özü gündə bir ağıla qulluq edir. Sülh prosesinin gerçəkləşməsinə digər maneə isə Fransadır”
C.Nuriyev bildirib ki, artıq bir çox ölkələr Fransanın da əleyhinə çıxmağa başlayıblar:
"Kanada bəyan edib ki, Paris Ermənistanı silahlandırmaqla bölgədə vəziyyəti gərginləşdirməyə çalışır”. 
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən addımlar atılıb. Bir sıra məsələlərdə artıq  tərəflər arasında razılıq əldə edilib. Hansı ki, onun da əsasında ərazi bütövlüyünün tanınması məsələsi dayanır. Amma tərəflərin razılaşmadığı məqamlar  da var. 
Rüfət Sultan