Xəbər lenti

Bakı “Moskva görüşü”nü  boykot da edə bilərmi? - Politoloq
Siyasət08:26 25.10.2022

Bakı “Moskva görüşü”nü  boykot da edə bilərmi? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Rusiya Avropa İttifaqının Azərbaycan və Ermənistan liderlərini Praqada görüşdürməsinə cavab olaraq tərəflərin növbəti dəfə öz ərazisində görüşünü təşkil etmək istəyir. Belə bir görüşün oktyabrın 27-də Soçidə ola biləcəyi ehtimal edilir. Lakin görüş ərəfəsində Rusiyanın dövlət kanalı olan ORT-də Azərbaycanın ərazi bütövlüyünə qəsdə hesablanmış veriliş efirə gedir. Verilişdə qondarma "Dağlıq Qarabağ rejimi” ayrı dövlət kimi təqdim olunur. Sirr deyil ki, sözügedən dövlət kanalı Kremlin razılığını almadan hər hansı bir həssas məsələyə belə reaksiya verməyə cürət etməz. Bu isə onu göstərir ki, həmin veriliş Moskvanın da maraqlarına cavab verir. Belə olan halda bir neçə gündən sonra keçirilməsi gözlənilən üçtərəfli görüşdə iştirakın əslində heç bir mənası qalmır. 
Qeyd edək ki, Praqada baş tutan dördtərəfli görüş və əldə edilən müəyyən razılığın ardınca Fransa Prezidenti Emmanuel Makronun Ermənistana açıq şəkildə dəstək ifadə edən mövqeyindən sonra Azərbaycan Prezidenti Parisin artıq prosesdə ölkəmizin tərəfdaşı olmadığını deyib. Çünki bu addımla Paris prosesdə obyektiv olmadığını ortaya qoyub. Rusiyanın dövlət kanalının Azərbaycan dövlətinə hörmətsizlik nümayiş etdirən verilişindən sonra anoloji addım Moskvanın prosesdə vasitəçilik missiyasına münasibətdə də atıla bilər. Bu fonda rəsmi Moskvadan Azərbaycanın haqlı mövqeyinə cavab verən addım atılmayacağı təqdirdə Bakı gözlənilən üçtərəfli görüşü boykot da edə bilər. 
Hazırda Azərbaycanla Ermənistan arasında nüzamlanma prosesinə vasitəçi qismində Avropa İttifaqı və Rusiya cəlb olunub. Bu mənada vasitəçilər arasında da rəqabət gedir. Biri digərinin vasitəçilik missiyasında əldə etdiyi uğurları həzm edə bilmir. Ona görə də qarşı tərəfin vasitəçiliyilə əldə edilən uğurları heçə endirmək üçün onu aşılamaq siyasəti yürüdürlər. Rusiyada gözlənilən üçtərəfli görüş ərəfəsində ORT kanalında gedən veriliş də ola bilsin ki, Qərbə bağlı qüvvələrin Moskvanın anoloji addımına cavabları fonunda, onun da vasitəçiliyinə kölgə salmağa hesablanmış hərəkətləridir. Digər tərəfdən, bəzi dairələr Rusiyanı Ukrayna bataqlığına salan Putinin ölkə daxilində mövqeyinin zəiflədilməsinə çalışırlar.
Politoloq Tural İsmayılov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Kreml hələ də Rusiya-Azərbaycan əməkdaşlığına uyğun olmayan addımların qarşısını almır: 
"Baxmayaraq ki, Rusiyanın çətin dövründə onunla Bakı arasında anlaşma imzalanıb. Eyni zamanda, qarşılıqlı şəkildə informasiya təhlükəsizliyi məsələsilə bağlı bir neçə sənədə imza atılıb. Buna rəğmən hələ də Rusiyanın rəsmi dövlət mediasında Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması Kremlin qeyri-səmimi olduğunun göstəricisidir. Rusiya Ukrayna müharibəsilə bağlı obyektiv xəbərlər yayan Azərbaycan media resurslarını öz ərazisində blokladı. Azərbaycan da bundan sonra ölkəmizə qarşı böhtanlar yağdıran Rusiyanın istənilən media resursunu öz ərazisində bloklamalıdır. Bu istiqamətdə daha kəskin addımlar atmalıyıq”. 
Amma həmsöhbətimiz düşünür ki, Rusiyanın Birinci kanalında efirə verilən təxribatın bu ölkədə gözlənilən üçtərəfli görüşə heç bir aydiyyatı yoxdur:
"Bu Rusiya mediasında ənənəvi olaraq davam edən feyk və dezinformasiya kampaniyasının davamıdır. Bunun görüşdən bir neçə gün əvvələ təsadüf etməsini zəruri hadisə hesab etmirəm və sırf təsadüf olduğunu düşünürəm”. 
Rüfət Sultan