Hazırda Bakıda Qoşulmama Hərəkatının yüksək vəzifəli rəsmilərin toplantısı keçirilir. İclas Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin görüşünə hazırlıq məqsədi daşıyır. Rəsmilər nazirlərin müzakirə edəcəyi məsələləri nəzərdən keçirirlər. Qeyd edək ki, nazirlərin iclası iyulun 5-6-da Bakıda olacaq.
Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, hərəkatın Bakı toplantısında bəşəriyyətin qarşıdında duran təhlükələrin aradan qaldırılması, imkanların səfərbər edilməsi kimi məsələlər müzakirə predmeti olacaq.
"Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir. Bu dövrdə Bakı hərəkatın bir çox toplantılarına yüksək səviyyədə ev sahibliyi edib. 2019-cu ilin oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII zirvə toplantısı Bakıda baş tutub. Bu toplantıda da vacib qətnamələr qəbul olundu. Bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə açıq mətnlə dəstək ifadə edildi. Ümumiyyətlə, Qoşulmama Hərəkatı Ermənistan Azərbaycan münaqişəsilə bağlı həmişə aydın, vahid mövqeyə sahib olub. Bu mövqe də münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyü istiqamətində olub. Azərbaycanın sədrliyi dövründə hərəkatın fəaliyyətində olduqca ciddi keyfiyyət mərhələsi baş verdi. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı platformasında dünya üçün çox vacib təşəbbüslər irəli sürdü. Bu təşəbbüslər də qlobal təhlükəsizliyin, əməkdaşlığın təmin olunması baxımından olduqca əhəmiyyətli idi. Pandemiya dövründə məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə korona-virusla mübarizə ilə bağlı hərəkatın təmas qrupunun toplantısı oldu. Azərbaycan Prezidenti həmin toplantıda BMT-nin xüsusi sesiyasının çağırılmasını təklif etdi və təklif ölkələr tərəfindən yekdilliklə qəbul edildi. Ötən il hərəkatın parlament şəbəkəsi və gənclər təşkilatı da təsis edildi”, deyə deputat qeyd edib.
Ekspertin sözlərinə görə, Bakı hərəkat daxilində institusional xarakterli islahatların aparılmasına nail olub:
"Bütün bunlar hərəkatın daha səmərəli fəaliyyəti üçün real zəmin yaradacaq. İyulun 5- 6-da Bakıda Hərəkatın Əlaqələndirmə Bürosunun nazirlər iclası baş tutacaq. Yenə də müasir dünyanı narahat edən məsələlər ətrafında müzakirələr olacaq. Tədbirdə bəşəriyyətin qarşıdında duran təhlükələrin aradan qaldırılması, imkanların səfərbər edilməsi kimi məsələlər əsas müzakirə predmeti olacaq. Əlaqələndirmə Bürosunun fəaliyyəti kifayət qədər təsirlidir. Azərbaycanın sədrliyi dövründə Əlaqələndirmə Bürosu daha dinamik və səmərəli fəaliyyət həyata keçirib. Bakıda baş tutacaq iclasda da olduqca vacib, müasir mərhələdə qlobal problemlərin həlli, əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi istiqamətində diskussiyaların şahidi olacağıq”.
Rüfət Sultan