"Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsi ictimai nəqliyyatın inkişafına verilən dəstəkdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu dəstəyin davamlı olması üçün orada zolaqların konkret çəkilməsinə, giriş-çıxış nöqtələrinin təyin edilməsinə və zolağın davamlı olmasına diqqət etmək lazımdır:
"Ərazidə müşahidə aparmışam, təəssüf ki, zolaq hələ tam çəkilməyib. Ümid edirəm ki, zolaq hazır olanda nöqsanlar aradan qalxacaq. Zolaq "Avrovağzal”ın girişində itməməlidir, "20 yanvar” və "Şamaxinka” istiqamətinə kimi davam etdirilməlidir”.
Elməddin Muradlı hesab edir ki, deyilən sahə çox problemlidir:
"Ərazi darısqaldır, nəqliyyat vasitələrinin axını üçün əlverişli deyil, daima orada sıxlıq müşahidə olunur. Əgər orada avtobuslar üçün zolaqlar ayırsalar ümumiyyətlə, vəziyyət pis olacaq. Amma hər halda 6 zolaqlı nöqtədə geniş imkan var və avtobusların hərəkətini təmin etmək vacibdir. Yəqin ki, əks istiqamətə də zolaqlar çəkiləcək, Xırdalan, Masazır, Abşeron ərazisindən vətəndaşların "20 yanvar” istiqamətindən şəhərə girişi qismən düzələcək”.
Bahar Rüstəmli