Xəbər lenti

Bakı-Tbilisi-Qars region üçün hansı iqtisadi perspektivlər vəd edir? - Gürcü ekspertlər
Ekonomiks13:46 26.09.2019

Bakı-Tbilisi-Qars region üçün hansı iqtisadi perspektivlər vəd edir? - Gürcü ekspertlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əlverişli qeostrateji mövqeyindən dolayı Azərbaycan bir sıra regional dəmir yolu marşrutlarının reallaşdırılmasına aktiv şəkildə cəlb edilib.
Bunlardan biri də artıq iki ilə yaxındır istismarda olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu marşrutudur.
2017-ci il 30 oktyabrda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə tranzit yüklərin daşınması ilə yanaşı, sərnişin daşınması da nəzərdə tutulur. Bunun üçün "Stadler Rail Group” şirkətindən sərnişin qatarları alınıb. 10 vaqondan ibarət ilk sərnişin qatarı mart ayında Bakıya gətirilib. Sərnişin daşımalarının həyata keçirilməsinin isə bu ildən başlanılması gözlənilir.
Layihədə iştirak edən tərəflərdən biri kimi Gürcüstanın BQT-dən gözləntiləri nədir və ona hansı iqtisadi perspektivlər vəd edir?
Məsələni "Finans.az"a şərh edən Tbilisi Dövlət Universitetinin Təhlil və Proqnozlaşdırma Mərkəzinin direktoru, professor Vaxtanq Çarayaya görə BTQ Gürcüstan büdcəsinə əlavə milyonlar gətirə bilər.
"Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin Gürcüstan üçün müsbət tərəfi əlavə iqtisadi fəaliyyətin yaranmasındadır. Bura, yeni iş yerlərinin, büdcə üçün əlavə gəlir mənbəyinin, ölkənin geosiyasi təhlükəsizliyi üçün yeni elementin yaranması və sair məsələlər daxildir. Gürcüstanın öz vəsaitini yatırmadığını və dəmiryolunun Gürcüstan tərəfinin tikintisini və müasirləşdirilməsini Azərbaycan tərəfinin maliyyələşdirdiyini (200 mln. dollardan artıq) və həmçinin bu layihənin xərcləri Gürcüstanın büdcəsindən deyil, BTQ-nin birbaşa gəlirlərindən qaytarılacağını nəzərə alsaq, iqtisadi baxımdan cəlbedicidir.
İlkin olaraq 6,5 mln. ton tranzit potensialı Gürcüstanın dəmiryolu potensialının təqribən 1/5-i və cari dövriyyənin yarısı deməkdir. Buna görə də, biz deyə bilərik ki, malların Gürcüstan dəmir yollarından kənara çıxarılmayacağı təqdirdə bu, Gürcüstan üçün əlavə potensialdır. BTQ Gürcüstan büdcəsinə əlavə milyonlar gətirə bilər, əlbəttə, ilkin ödənişlər edildikdən sonra (10 yaxud 20 il müddətinə). Digər tərəfdən, yeni iş yerləri ölkəyə böyük mənfəət gətirə bilər".
"Gürcüstan üçün BTQ ilə bağlı yeganə doğru yol istənilən Asiya və Avropa ölkələrindən mübadilə məqsədilə gətirilə bilən yeni malların cəlb edilməsidir. Nəzəri cəhətdən, bu, hər hansı məhsul ola bilər – təyyarə, yük maşınları və hətta dəniz yolları ilə daşınması mümkün olmayan kənd təsərrüfatı mallarından tutmuş yüksək texnoloji və ya böyük ölçülü mallara qədər. Proqnozlar özünü doğrultsa və Çin-Avropa yükdaşımalarının 10%-nə qədəri cəlb edilsə (bu təxminən 25 mln. ton deməkdir), bu, qəti şəkildə Gürcüstanın maraqlarına xidmət edəcək və milli təhlükəsizliklə bağlı məsələlər istisna olmaqla heç bir geosiyasi ixtilaflar bunu üstələyə bilməz.
Münaqişəyə baxmayaraq Rusiya Gürcüstanın iqtisadi tərəfdaşıdır. Bu səbəbdən də mən Rusiyanın layihədə iştirakında heç bir problem görmürəm. Lakin Gürcüstan-Rusiya "dostluğu” çox həssasdır və layihəyə daxil olan digər iştirakçılar bunu anlamalıdırlar. Qeyd etmək lazımdır ki, BTQ marşrutu üzrə sərnişin qatarının açılması bu gün üçün layihənin ən parlaq tərəfidir, lakin dövriyyə nəzərə çarpacaq rəqəmə çatana qədər. Bakı-İstanbul və ya Tbilisi-İstanbul marşrutunun potensialına nəzər salarkən sərnişindaşımada yüksək rəqəmə, həmçinin əlavə rahatlığa nail ola bilərik ki, bu da vətəndaşların səyahəti üçün əlavə motivasiya ola bilər",- ekspert əlavə edib.
Gürcüstanın "Gənc maliyyəçilər və biznesmenlər Assosiasiyası”nın analitiki Anrdiya Qvidiani "Finans.az" açıqlamasında Gürcüstanın investisiya cəlbediciliyinin artırılması baxımından BTQ-nin təməl daşlarından biri olacağını vurğulayıb.
"BTQ fiziki olaraq Avrasiyanın mərkəzi hissələrini birləşdirir. Təkcə torpaq sahəsi Çinin şərq sahillərindən Avropanın qərb sahillərinə qədər ərazini tutur. Dünya əhalisinin 70 faizi bu ərazidə yerləşir. Çinlə Avropa arasında ümumi səyahət təxminən 15 gün vaxt aparacaq. Bu, dəniz nəqliyyatından iki dəfə tez, hava səyahətinin isə yarı qiyməti deməkdir.
İnanıram ki, BTQ bizim ölkə üçün strateji əhəmiyyət daşıyır. Gürcüstan öz regional rolunu artırmaq istəyir. Nəqletmə və loqistika bu baxımdan böyük rol oynayır. Buna görə də BTQ məqsədlərimizə çatmaq üçün əhəmiyyətli layihədir. Bundan başqa vurğulamaq istərdim ki, BTQ kimi layihələr bizim siyasi və iqtisadi sabitliyimizin təmin edilməsində mühüm rol oynayır. Bu layihə ilə Avropa ilə Asiyanı daha ucuz və daha sürərli şəkildə birləşdirmək mümkün olacaq və regionun sabitliyində maraqlı olan ölkələrə mənfəət gətirəcək.
Ölkələrimiz arasında mövcud nəqliyyat infrastrukturunun inkişafı iqtisadi təsirdən başqa siyasi mənfəət də gətirəcək. Gürcüstan aktiv şəkildə həm Avropa, həm də Asiya dövlətləri ilə strateji tərəfdaşlığı inkişaf etdirir. Nəticə etibarilə, BTQ kimi layihələr bizim strateji tərəfdaşlarımızla əməkdaşlığımızı əhəmiyyətli dərəcədə artıracaq. Buna görə də, oxşar layihələrə əsaslanaraq Gürcüstanın qlobal siyasət və iqtisadiyyatda öz yerini tapmaq imkanı var.
Hər şeydən öncə, biz qeyd etməliyik ki, belə böyük miqyaslı layihələr ölkəmiz üçün investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır. Nəticədə, yaxşı inkişaf etmiş nəqliyyat və loqistika infrastrukturu olan ölkə investisiya potensialını artıra və xarici tərəfdaşlar üçün daha maraqlı edə bilər.
BTQ Asiya və Avropa üçün ən rahat marşrut hesab edilir. Gürcüstan liberal vergitutma mühitini inkişaf etdirib, lakin təkcə bu böyük investisiyalar cəlb etmək üçün yetərli deyil. Onlar dünyanın qalan hissəsi ilə azad ticarət imkanları axtarır və inkişaf etmiş nəqliyyat infrastrukturunun üzərində dayanırlar. İnkişaf etmiş nəqliyyat potentialı ilə Gürcüstana investisiya yatırmaq daha maraqlı olacaq və BTQ bu baxımdan təməl daşlarından biri olacaq.
Çin "Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizinə önəm verir. Orta müddətli perspektivdə nəqliyyat infrastrukturu inkişaf etsə, bizim regiona Çinin marağı artacaq və bu da o deməkdir ki, Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizi rəqabət baxımından mühüm zəncirdir”.
BTQ vasitəsilə yaxın gələcəkdə sərnişin qatarlarının işləməsi məsələsini şərh edən ekspert, bunun Gürcüstana səfərlərin sayını artıracağını, digər tərəfdən isə hava limanlarının inkişafını təşviq edəcəyini bildirib:
"Turizm sektorunun inkişafı və ümumiyyətlə, turizm biznesindən gələn gəlirlər Gürcüstan iqtisadiyyatı üçün əsas istiqamətlərdən biridir. 2018-ci ilin göstəricilərinə əsasən, turizm sektorunun ÜDM-də nisbəti 7,9% olub. Nəticədə, turizm xidmətinin inkişafı iqtisadi siyasətin strateji istiqamətlərindən biridir.
Ötən illər ərzində Azərbaycan turist səfərlərinə görə birinci yerdədir. 2018-ci ilin nəticələrinə görə, 1,424 milyon turist Azərbaycandan Gürcüstana səfər edib. Buna görə də, dəmir yolu daşıması Gürcüstana səfərlərin sayını artıracaq, digər tərəfdən isə hava limanlarının inkişafını təşviq edəcək".