Xəbər lenti

Bakı və İrəvan sülhə imza atarsa...(ŞƏRH)
Siyasət09:40 13.06.2023

Bakı və İrəvan sülhə imza atarsa...(ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İrəvanla Bakı anlaşarsa, Rusiyanın Qarabağda qalmaq cəhdləri heç bir nəticə verməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyanın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra rus sülhməramlılarının Qarabağı tərk edəcəklərini deməsinə münasibət bildirərkən söyləyib. Politoloq bildirb ki, sülh müqaviləsinin imzalanması Ermənistanın rəsmi olaraq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını, ölkəmizin suverenliyini tanıması, ərazi bütövlüyümüzün toxunulmazlığı prinsipini qəbul etməsi demək olacaq.
"Bundan sonra Rusiyanın Qarabağda qalmasına da lüzum qalmayacaq. Rusiya məhz buna görə də, Qarabağ probleminin həllini sülh müqaviləsinin imzalanmasından ayırmağa çalışır. Ona görə də Moskva sülh müqaviləsinin imzalanması istiqamətində gedən prosesdən məmnun deyil. Kreml kommunikasiyaların açılmasını, sərhədlərin müəyyənləşməsilə məşğul olmağı qəbul edir, amma Qarabağ probleminin həllini sonraya saxlamağı düşünür. Çünki Rusiya öz qoşunlarının Qarabağda uzun müddətə qalmasında maraqlıdır. Ona görə də buna zəmin hazırlamaq istəyir”, N. Miri qeyd edib.
Ekspert vurğulayıb ki, Rusiya Qarabağda uzun müddətə qalmağı hədəflədiyindən sülh müqaviləsinin imzalanmasını istəmir: 
"Qərbin hazırladığı sülh müqaviləsində isə Qarabağ probleminin bütövlükdə həlli öz əksini tapıb. Belə olduğu təqdirdə, rus qoşunlarının  Qarabağda qalmasına əlbəttə ki, ehtiyac qalmayacaq. Moskva bu əsasda da sülh  müqaviləsinin imzalanmasına əngəl olmaq niyyətindədir. Rusiya erməni qoşunlarının  Qarabağda qalmasına şərait yaratmaqla Azərbaycana bu təzyiq elementini əlində  tutmağa çalışacaq. Ancaq İrəvanla Bakı  anlaşdığı təqdirdə, Ermənistan öz qoşunlarını Qarabağdan çıxararsa, Moskva heç nə edə  bilməyəcək. Ona görə də əsas məsələ İrəvanla  Bakının anlaşmasıdır. Buna ehtiyac var ki, Qərb  də bunu istəyir”. 
Qeyd edək ki, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan Rusiya sülhməramlı kontingentinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra Qarabağı tərk edəcəklərini deyib. Onun  sözlərinə görə, Bakı ilə İrəvan arasında sülhün bərqərar olmasından sonra Rusiya sülhməramlılarının bölgədə olması mənasızlaşacaq. 
Rüfət Sultan