Uzun müddətdir Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələsi gündəmdə olsa da, hələ də proses ətrafında ciddi bir irəliləyiş yoxdur. Əksinə son olaylar prosesin sanki söndüyündən xəbər verir.Tərəflər Brüsseldə, Moskvada sülh istiqamətində müəyyən addımlar atıb. Bir neçə dəfə yaradılan kommisiya üzvləri görüşüb. İrəvan Bakının sülh sazişi üçün təklif etdiyi 5 şərti də qəbul etməli olub. Lakin bunlara rəğmən hələ də "nə sülh, nə də hərb” vəziyyəti hökm sürür. Bu vəziyyət nə qədər davam edəcək?
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan konfliktoloq Üzeyir Şəfiyevin fikrincə ilk növbədə geosiyasi qüvvələrin, Rusiya, İran və Qərbin hər birinin sülh müqaviləsinin imzalanmasında öz marağı olduğundan və bu maraqlar toqquşduğundan proses uzanır. Bu geosiyasi qüvvələrin hər biri prosesin öz geosiyasi maraqları kontenksində tənzimlənməsində maraqlıdır: "Sülh müqaviləsinin bağlanmasına əngəl olan bir sıra xarici və daxili faktorlar var. Mövcud vəziyyətin dondurulmasında maraqlı olan yaxın və uzaq qonşular mövcuddur. İranın Zəngəzur dəhlizi və sülh prosesilə bağlı sərgilədiyi mövqe göz önündədir. Tehran türkdilli dövlətlər coğrafiyasına Türkiyənin birbaşa daxil olmasından ehtiyatlanır. O həmçinin, sülh müqaviləsinin imzalanması fonunda Tehranın Ermənistan üzərindən keçirdiyi bir sıra layihələrdən məhrum olacağından narahatdır. Digər tərəfdən, sülh müqaviləsinin imzalanmasında moderator olmaq uğrunda yarış gedir. Bunlar Avropa İttifaqı və Rusiyadır. Onlar bu istiqamətdə rəqabət aparır. Bu rəqəbət isə sülh sazişinin bağlanmasına indilikdə xeyirdən daha çox ziyan vurur”.

Ekspert qeyd edir ki, İrəvanın bəzi hərəkətləri də prosesin tez bir zamanda həllini yubadır:"Digər tərəfdən, İrəvanın sərhəd-keçid məntəqəsində 3 postu müəyyənləşdirməsi birbaşa Zəngəzur dəhlizinin reallaşmasını angəlləməyə hesablanıb. Bununla dünyaya göstərmək istəyirlər ki, Azərbaycanla 3 fərqli ərazidə gediş-gəlişi tənzimləyən addımı atsalar da, Bakı sülhdə maraqlı deyil. İrəvanda bəziləri hələ də geosiyasi reallığın dəyişəcəyinə ümid edir. Ona görə də məsələnin uzadılmasında maraqlıdırlar. Moskva da məhz həmin müstəviyə söykənməklə sülh sazişinin bağlanmasının uzadılmasına çalışır”.
Ü.Şəfiyev bildirir ki, Ermənistandakı "Qarabağ klanı”nın hərəkətləri və kənardakı lobbi faktoru da prosesin yekunlaşmasına müəyyən qədər əngəl yaradır. Amma nə baş verməsindən asılı olmayaraq sülh müqaviləsi gec də olsa, özü də Azərbaycanın diktə etdiyi şərtlər əsasında bağlanacaq.
Rüfət Sultan