"Vaşinqton görüşü reallaşsa, Zəngəzur dəhlizi məsələsilə bağlı vəziyyət daha da konkretləşəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bu həftə Vaşinqtonda Azərbaycan və Ermənistanın qarşılıqlı anlaşma memorandumu imzalayacaqları barədə mətbuatda yer alan məlumatı şərh edərkən deyib.
Tofiq Zülfüqarov bildirib ki, görüş barədə hansısa dəqiq məlumat yoxdur:
"Mətbuatla bu haqda gedən məlumata gəlincə, razılaşdırılacaq memorandumda Zəngəzur dəhlizinə aid məsələ öz əksini tapa bilər. Kiçik addımlarla hansısa məqsədlərə nail oluruq. Bu əsasda ümid var ki, Zəngəzur dəhlizinə aid vəziyyət daha konkret olacaq. Daha çox buna inanıram. Amma sülh sazişinə gəlincə, burada sadəcə olaraq paraflanma prosedurası baş verə bilər. Bu da əslində kompromis variantlardan biridir. Bir sözlə, belə bir görüş baş verərsə, bu ümumi əhval-ruhiyyənin yaxşılaşmasına təkan verən bir addım olacaq".
Qeyd edək ki, mətbuatın məlumatına görə, bu həftə Azərbaycan və Ermənistanın Vaşinqtonda sülh axtarışına sadiqlik göstərən qarşılıqlı anlaşma memorandumu imzalayacaqlar. "Middle East Eye" nəşri bildirir ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanı Ağ Evdə keçiriləcək imzalanma mərasimində qəbul edəcək.
Bundan başqa Respublikaçılar Partiyasından olan ABŞ-li konqresmen Co Vilson "X" sosial şəbəkə hesabında görüşün baş tutacağına işarə vurub. Donald Trampın Sülh üzrə Nobel mükafatına layiq olduğunu deyən konqresmen yazıb:
"Tramp qədər sülhə xidmət edən başqa prezident olmayıb.
- Konqo və Ruanda
- Tailand və Kamboca
- Pakistan və Hindistan
- Tezliklə Azərbaycan və Ermənistan!”, deyə paylaşımda qeyd edilir.
Xatırladaq ki, hər iki ölkə mart ayında sülh razılaşmasının ilkin layihəsi üzərində razılıq əldə etsə də, Azərbaycan tərəfi iki əlavə şərtdə israrlıdır. Bunlar Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd olan istinadların çıxarılması və ATƏT-in Minsk qrupunun buraxılması tələbləridir. Sonuncu dəfə liderlər iyul ayında Əbu-Dabidə görüşüblər.
Rüfət Sultan
Şərhlər