Oktyabrın 13-də Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub. Putin ölkəsinin Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri kimi qaldığını və əmtəə dövriyyəsinin artdığını bildirib.
Hökumətlərarası Komissiyanın həmsədrlərinin müntəzəm görüş apardığını qeyd edən Putin regionda vəziyyətin nizamlanması ilə bağlı məsələləri diqqətdə saxladıqlarını deyib: "Ümidvaram ki, bütün bu məsələlər üzrə bir daha danışmaq fürsətindən istifadə edəcəyik və mövqelərimizi dəqiqləşdirəcəyik".
Azərbaycan Prezidenti isə öz növbəsində deyib ki, iki ölkə arasında münasibətlərin bu cür inkişaf etməsinə görə çox şadıq: "Fikrimcə, bu münasibətlər ən yüksək səviyyəyə - müttəfiqlik və qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb. Biz bir çox məsələlər üzrə fəal surətdə irəliləyirik. iqtisadi-ticari əlaqələr üzrə əmtəə dövriyyəsində artım var. Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Lakin hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik. Biz bu gün bu barədə də danışacağıq. Biz uzunmüddətli sülhə hədəflənmişik. Hesab edirik ki, nəhayət bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik”.
Bu gün MDB Dövlət Baçıları Şurasının iclasında çıxışı zamanı isə Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət edib.
Xatırladaq ki, bir bir müddət əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə Rusiya Ermənistan və Azərbaycana növbəti üçtərəfli sammitin keçirilməsini təklif etmək niyyətində olduğunu söyləyib.
Politoloq Zərdüşt Əlizadə Qaynarinfo-ya açıqlamasında bildirib ki, İrəvanı itaətə etdirmək üçün Azərbaycan Rusiya ilə birgə müəyyən hansısa addımlar ata bilər:
"Putinlə Əliyevin Astana görüşü göstərir ki, tərəflər arasında əməkdaşlıq davam edir. Azərbaycan və Rusiya birgə məqsədlərə doğru birgə addımlayırlar. Sözügedən görüş iki ölkə arasında iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək. Azərbaycan və Ermənistan rəhbərləri Praqa görüşündən sonra Sankt-Peterburqda görüşüblər. Görünür, Moskva yenə də onların görüşünü təşkil etmək istəyir. Ona görə yenə də Əliyevlə Paşinyanı Rusiyaya dəvət edib. Məqsəd prosesə və hər iki ölkəyə daha sıx şəkildə nəzarət etməkdir. Bu görüşdən hər hansı bir yenilik gözləmirəm. Ümumi məqsədə doğru planlaşdırılmış addımlar atılır. Ermənistan müqavimət göstərirsə, onu itaətə etdirmək üçün Bakı ilə birgə Moskva hansısa addımlar ata bilər”.
Rüfət Sultan