"İran prosesə son verməyincə gərginliyin azaldılması istiqamətində vasitəçilərin yardımı da işə yaramayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov İranla Azərbaycan arasında yaşanan gərginliyin durdurulması üçün kənar barışdırıcı ölkənin, məsələn Türkiyə və Rusiyanın çıxış etmə ehtimalına toxunarkən deyib.
Politoloq bildirib ki, İran hər keçən gün dialoqu daha da çətinləşdirir:
"Rusiya çox cəhd edir ki, Azərbaycanla İran arasında olan gərginlik aradan qaldırılsın. Çünki bu gərginlik Moskvanın özünə də sərf etmir. Bölgədə bir sıra layihələr var ki, onun reallaşması Rusiya ilə yanaşı region ölkələrinin birgə fəaliyyətindən asılıdır. Rusiya xarici işlər nazirinin Tehran və Bakı arasında gərgin münasibətlərin müvəqqəti xarakter daşıdığı və Moskvanın bu gərginliyi aradan qaldırmağa çalışdığını bəyan etməsi Bakı ilə Tehrana mesaj idi.
Vasitəçilər o zaman fəaliyyətə başlaya bilər ki, tərəflər bu istiqamətdə hərəkətə keçsinlər. Hələlik isə İran tərəfindən bu addımları görmürük. Əksinə, İran hər keçən gün dialoqu daha da çətinləşdirir. Vəziyyət gərginləşən xətt üzrə davam edir. Gərginlik Azərbaycanın İsraildə səfirlik açması məsələsinin kölgədə qalmasına qədər davam edəcək. Lakin bunun da belə tez baş verəcəyini düşünmürəm. Bu müstəvidə tərəflər arasında qarşıdurmanın olacağını da gözləmirəm. Hər şey İranın atacağı addımlardan asılı olacaq. O öz ritorikasını davam etdirəcəksə, vasitəçilərin işə qarışması ilə gərginliyin yumşalacağını gözləməyə dəyməz”.
Qeyd edək ki, İran Azərbaycana münasibətdə aqressivliyini artırmaqda davam edir. Bu fonda Rusiya XİN rəhbəri Sergey Lavrov İranla Azərbaycan arasında gərginliyin müvəqqəti xarakter daşıdığına işarə vuraraq, Kremlin münasibətlərin normallaşması istiqamətində çalışdığını bəyan edib.
Rüfət Sultan