Siyasət 16:45 24.10.2022

Bakı və Tiflisin əməkdaşlığı İranı narahat edir - Politoloq

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda işgüzar səfərdədir. Səfər çərçivəsində onun Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. Prezident Əliyev Mçxeta rayonundakı Muxrani sarayında "Qarabağ xanlığının irsi” sərgisi ilə tanış olub. Sonda tərəflər mətbuata bəyanatlarla çıxış ediblər.
 
İlham Əliyev bildirib ki, Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə yatırıb:
 
"O ki qaldı ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub və bu sərmayə qarışılıqlı, faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir".

Səfəri dəyərləndirən politoloq Qabil Hüseynli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Bakı ilə Tiflis arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinə qədəm qoyması İranın burada həyata keçirmək istədiyi layihələri kölgədə qoyacaq:


 
"Azərbaycan dövlət başçısının Gürcüstan səfəri çox əhəmiyyətli bir səfərdir. Bakı Tiflislə strateji tərəfdaşlığı strateji müttəfiqlik səviyyəsinə qaldırmaq istəyir. Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli infrastruktur və iqtisadi layihələri məhz Gürcüstan ərazisindən keçməklə Avropaya yönəlib. Bu mənada Gürcüstan öz xəzinəsinin 42 faizini Azərbaycan hesabına təmin edir. Tərəflər bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdırlar. 

İran Ermənistandan keçməklə guya, Fars körfəzilə Qara dənizi birləşdirəcək boru kəməri çəkmək istəyir. Bununla İran Azərbaycandan Gürcüstana keçən neft-qaz kəmərlərinə guya alternativ yaratmağa çalışır. İranın bu niyyətinin əsası yoxdur. Gürcüstan-Azərbaycan əməkdaşlığının yeni, daha yüksək keyfiyyət mərhələsinə qalxması İranın bir çox iqtisadi layihələrini də kölgədə qoyacaq”. 

Rüfət Sultan