
Dekabrın 4-də “Мuray” MMC tərəfindən aldadılan vətəndaşlar Bakı Apellyasiya Məhkəməsinin qarşısında aksiya keçirdilər.
Zərərçəkənlər “Yeni Müsavat”a açıqlamalarında bildirdilər ki, Apellyasiya Məhkəməsi də onları gəl-gedə salıb. İşlərinə qeyri-müəyyən səbəbdən baxılmır. Sonuncu dəfə isə ilkin qərardan kassasiya şikayəti verildiyi üçün məhkəmə də qeyri-müəyyən vaxta təxirə salınıb.
Zərərçəkənlərdən Əlibəy Zeynallı bildirdi ki, artıq bir il yarımdır ki, “Muray” MMC-nin məhkəməsi gedir: “İstintaqa görə, 7 nəfər qabaqcadan əlbir olaraq dələduzluq və çoxsaylı vətəndaşı aldatmaqda ittiham olunur. İttiham ona əsaslanır ki, E.Hüseynov, S.Səfərov, Ş.Ağayev, B.Sultanov, V.Söhbətov, Q.Məmmədbəyli, N.Muxtarov cinayət əlaqəsinə girərək mütəşəkkil dəstə halında “Mur-Ay” MMC tərəfindən Bakı şəhəri, Yeni Yasamal massivi, Xiyabani küçəsi 18 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binalarından olan bir və üç girişli binalarda satılması üçün nəzərdə tutulmuş 317 mənzili 2006-cı ilin əvvəllərindən 2010-cu ilin noyabr ayınadək olan müddət ərzində 935 payçı ilə müqavillələr bağlayaraq , cəmi 958 nəfər zərər çəkmişə məxsus 12 milyon manatdan artıq külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirərək, vətəndaşlara ziyan vurublar. 27.10.2011-ci il tarixdə təqdim olunmuş “Cinayət işi üzrə ibtidai istintaqın qurtarmasının elan edilməsi haqqında” 27.10.2011-ci il tarixli Protokolda isə 317 mənzil və qeyri-yaşayış sahəsini təkrarən 960 payçıya cəmi 1084 dəfə satmaqla, cəmi 24 133 139 manat məbləğində pul vəsaiti toplamış , həmin puldan 8 507 230 manat binaların tikintisinə sərf edildikdən sonra qalan 15 625 909 manat məbləğində özgənin pul vəsaiti dəstə üzvləri tərəfindən ələ keçirilməsi göstərilir. Yəni Azərbaycan tarixində bu miqyasda “afera”-nın baş verməsi hələ heç kimin yadına gəlmir. 317 mənzili 958 adama 1084 dəfə sataraq insanların puluna yiyələnən dəstə hələ olmayıb. “Afera”-nın həcmi 25 milyon bəzən də 30 milyon civarında hesablanır. Ən azı istintaq bu fikrə gəlib. Aldadılmış insanlar aksiyalar, mətbuat konfransları və digər ictimai rezonans doğuran tədbirlərə əl atmasaydılar aldadılan insanların sayı daha da çoxalacaqdı”.
Zərərçəkən bildirdi ki, hüquq mühafizə orqanları istintaq işini diletant səviyyəsində aparıb: “Bunu tək mən yox vəkillər də israr edir. Vəkillər onu da deyir ki, bəziləri 7 nəfərin həbsindən sonra insanların düşdüyü durumdan istifadə edərək varlanıblar. Yuxarı dairələrdə biri о birisini vurmaq üçün yaranmış vəziyyətdən yararlanıb. “Şərur” MTK-nın və onun rəhbəri olan İsfəndiyar Axundovun varlanmasına şərait yaradılıb. Heç də insanları nəzərə alıb bu işin üstünə getməyiblər. Getsəydilər camaat “yağışdan çıxıb yağmura düşməzdi”.
Digər zərərçəkənlər bildirdilər ki, “Muray” MMC- nin bütün öhdəlik və hüquqları müqavilə əsasında “Şərur” MTK-ya verilib. “Şərur” MTK da “Muray”dan geri qalmır. Zərərçəkənlərə sahəsi az olan və baha mənzilləri satır. Üstəlik yalançı statistika açıqlayaraq “Muray”ın aldatdığı vətəndaşların evlə təmin olunduğunu deyirlər.
Aksiya iştirakçıları bildirdilər ki, “Şərur-İnşaat” tərəfindən 75 nəfərə dəymiş ziyanın hələ də ödənilmədiyini ilə bağlı ölkə başçısı İlham Əliyevə, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə məktub yazaraq məlumat veriblər.
Zərərçəkənlər qeyd etdilər ki, onlar eyni zamanda Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstara da müraciət edərək ondan kömək istəyiblər.
Qeyd edək ki, aksiyaya hər hansı bir polis müdaxiləsi olmadı.(musavat.com)





