Siyasət 15:26 24.06.2022

Bakıda Lavrovun nəzərinə çatdırıldı ki... – Politoloq

İrandan sonra Bakıya səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Görüşdə Lavrov Ermənistan baş naziri Nikol Paşinyanın sülh müqaviləsi istiqamətində danışıqlar aparmağa hazır olduğunu bəyan edib. Ardınca o, burada da tərəflərə kömək etməyə hazır olduğunu söyləyib. Lavrov həmçinin, Azərbaycanda rus dilinə göstərilən diqqəti də qiymətləndirib.

Prezident İlham Əliyev isə Qafqazda möhkəm sülhün bərqərar olması işində Rusiyanın fəal səylərinə ümid etdiyini diqqətə çatdırıb. O, üçtərəfli işçi qrupunun işinin intensivləşdiyini də bildirib. Eyni zamanda, görüşdə Prezident təəssüflə qeyd edib ki, bəyannamənin imzalanmasından il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, kommunikasiyaların açılması, Azərbaycan yükləri və vətəndaşlarının Naxçıvana maneəsiz çatdırılmasının təmin edilməsi bəndi indiyə qədər yerinə yetirilməyib.

Rusiya XİN rəhbərinin Bakıya səfərini Qaynarinfo-ya açıqlamasnda şərh edən politoloq Tural Rzayevin fikrincə, Lavrov səfər çərçivəsində Moskvanın gözləntilərini çatdırıb:

"Azərbaycanın daxili və xarici siyasətindən Rusiyanın gözləntiləri var. Moskva bu gözləntilərin yerinə yetirilməsini istəyir. Amma əlbəttə ki, bu ritorika və bəzi məsələlər ölkəmizin suverenliyini məhdudlaşdıran məsələlər olduğundan xoş qarşılanmaya da bilər. Lavrov çıxışında Azərbaycanın öz xarici siyasətini Rusiya ilə uyğunlaşdırmasını istəyib. Azərbaycan müstəqil xarici siyasət yürüdür. Ona görə də Lavrovun bu açıqlaması ölkəmiz üçün çox da uyğun ritorika deyil. Rusiya XİN rəhbəri Bakının Moskva ilə imzaladığı müttəfiqlik sənədinə hörmət etməsini də istəyir. Bununla razıyıq. Lakin Qarabağ məsələsində, Moskvanın müttəfiq kimi davranmasının şahidi olmuruq”.

Politoloq qeyd edir ki, Lavrov həmçinin, Kremlin Azərbaycandakı rus məktəblərinin sayının artırılmasında maraqlı olduğu mesajını verib:

"Lavrov Bakıdakı rus məktəblərinin Rusiya üçün strateji məqsəd olduğu və daha da artırılmasını istəyir. Bu da ölkəmizin daxili məsələsidir. Rusiyanın baş diplomatı mesaj olaraq onu da vurğulayıb ki, Qarabağ münaqişəsində əsas vasitəçi Rusiyadırsa, belə də olmaqda davam etməlidir. Bununla bağlı Bakının xüsusi etirazı yoxdur. Əgər, Rusiya ədalətli və neytrallığını saxlamaqla vasitəçi olacaqsa, Bakı bunu təqdir edəcək. Əgər Kreml Azərbaycanın əleyhinə çıxacaqsa, Bakı başqa vasitəçilərə də ehtiyac duya bilər”.

Rüfət Sultan