
Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyələşdirdiyi layihələrdən daha biri - Bakıda açılmış İtaliyanın "Yuventus" klubunun Akademiyasının taleyi də qeyri-müəyyəndir.
Qaynarinfo.Az saytının əldə etdiyi məlumata görə, sentyabrda ABB ilə bağlanmış 3 illik müqavilə əsasında bank "Yuventus" klubuna o vaxt xüsusi mülkiyyəti olan "İnter Arena"nın bazasında Akademiya açmağa şərait yaratmışdı. "Yuventus" klubu isə əməkdaşlıq çərçivəsində banka reklam və təbliğat məqsədilə "Yuventus" brendindən istifadə etməyə, bankın loqotipi və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirməyə icazə verirdi. Düzdür, sonuncu şərt nədənsə "Yuventus"un rəsmi saytında heç gözə dəyməmişdi.
Ancaq məsələ bu deyil. Məlum olduğu kimi, ABB yanvarın 27-də açıqladığı qərarla diqqətini yalnız bank sahəsinə cəmləmək məqsədilə "İnter" klubuna sponsorluqdan imtina etdiyini bildirib. Bu isə həm də o deməkdir ki, "İnter"in sahibi artıq ABB deyil. Klubun cari mövsüm başa çatanadək (azı sponsor tapılanadək) maliyyə məsələlərini AFFA tənzimləyəcək. Təbii ki, ABB-nin lisenziyalaşdırma prosesi üçün nəzərdə tutulan 500 minlik maliyyə zəmanətinə dair öhdəliyi istisna olmaqla.
Lakin "İnter Arena"nın sahibi və sponsoru artıq ABB olmadığından, bu bazada məşq keçən "Yuventus" Akademiyasının daha 2 il ərzində burda olması da şübhə altına düşür. Halbuki burda 100-120-yə yaxın uşaq məşq keçir. Düzdür, Akademiya özü-özünü təmin edir (uşaqların Akademiyaya aylıq ödədiyi pullar 150-200 manatdır). Ancaq yenə də məsələ dolaşıq olaraq qalır və akademiyanın may ayından sonra bağlana biləcəyi ehtimal edilir.
Məsələ ilə bağlı Akademiyanın direktoru Rafael Yusifovla əlaqə saxladıq. O, Akademiyanın bağlanması haqda onlara hələ məlumat verilmədiyini bildirdi.
Bununla bağlı onu da bildirək ki, ABB-nin İdarə Heyətinin üzvlərindən olan bəstəkar Eldar Mansurovun oğlu Ülvinin "Yuventus" azarkeşi olması səbəbindən belə layihəyə imza atılıb. İdarə Heyətinin sədr müavini, həmçinin baş maliyyə direktoru olan Ülvi Mansurov "Yuventus" Akademiyası üçün 30 minə dəst forma alıb verib.
***
Məlum olduğu kimi, ABB ilə AFFA arasında müqavilə bağlanılıb və bu razılaşmaya əsasən "İnter" klubunun idarəetməsi AFFA-nın əlinə keçib. Bundan sonra kluba qurumun hüquqşünası Rəmiş Malıyev rəhbər təyin olunub. Daha doğrusu, səlahiyyətli nümayəndə. Bu həmin Rəmiş Malıyevdir ki, AFFA-nın baş mühasibi Xalid Cavadovla birgə kluba baxış keçirib. Bir növ təhvil-təslim edilib.
Lakin kluba ABB tərəfindən təyin olunan Azər Əliyev Azərbaycanda olmayıb. Əliyev təxminən 1 aydır ki, ABŞ-dadır. Səbəbini öyrənə bilməsək də, "İnter"in tarixinə ən qısa müddətli prezident kimi düşən Azər Əliyevin artıq klubdan uzaqlaşdırıldığını indidən demək olar.
AFFA isə "İnter" üçün Müşahidə Şurası modelini düşünür. İcraçı direktor funksiyası elə Rəmiş Malıyevə veriləcək. Şuranın veteran bölməsini isə AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov dolduracaq. Ola bilsin ki, sədr funksiyası da sponsor tapılanadək Cavadovda qalsın. Hər halda "İnter"i qısa müddətdə çoxlu dəyişikliklər gözləyir.
Səbuhi TOFİQOĞLU