Ölkə 15:02 06.04.2023

Bakının məşhur məktəbində kütləvi zəhərlənmə: Birinin vəziyyəti ağırdır (FOTO/YENİLƏNİB)

TƏBİB 20 saylı məktəb-liseydə zəhərlənən şagirdlərin vəziyyətini açıqlayıb.

TƏBİB-dən Qaynarinfo-ya verilən xəbərə görə, baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib:

"6 nəfər (4-ü qadın, 2-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".

13.50
 
A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin aşağı sinif şagirdləri arasında kütləvi zəhərlənmə olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub.

Qeyd olunub ki, məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb: "Həmçinin məktəb rəhbərliyi aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda uşaqların vəziyyəti qənaətbəxşdir".

Bildirilib ki, məktəb-liseydə iaşə xidmətini təşkil edən "Tais ikf” MMC-dir. İaşə xidməti göstərən qeyd olunan şirkətin fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən müvafiq nəzarət olunur.

13.25
 
Bakıda orta məktəbdə kütləvi zəhərlənmə olub.

Qaynarinfo-nun məlumatına görə, Parlament prospekti 7/11 ünvanında yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyində baş verib. 
Zəhərlənmənin məktəbin 4-ci sinif şagirləri arasında olduğu ehtimal edilir. 

Hadisə yerinə Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının həkim biriqadası cəlb edilib.
 
***
 
Zəhərlənmə hadisəsi ilkin ehtimala görə, bufetdən alınan tərkibi toyuq əti olan "nugges"dən baş verib.

Əhməd