Xəbər lenti

Bakının yolu Avropayadır, demokratik dəyişiklik qaçılmazıdr (MÜSAHİBƏ)
Siyasət13:08 19.07.2022

Bakının yolu Avropayadır, demokratik dəyişiklik qaçılmazıdr (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyasının sədri Ursula von der Leyenin Azərbaycana səfəri və rəsmi Bakı ilə Avropa İttifaqı arasında enerji təchizatına dair xüsusi sazişin imzalanması ətrafında qızğın müzakirələr başlayıb. Sənədi Azərbaycanın strateji maraqlar baxımından əhəmiyyətli hesab edənlərlə yanaşı, insan haqları və demokratik dəyərləri önə çəkərək Avropa Birliyini tənqid edənlər də var. 
Qaynarinfo mövzu ilə bağlı "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevlə söhbətləşərək, bu məsələlərə aydınlıq gətirməyə çalışıb.
- Avropa Komissiyasının sədri Ursula von der Leyeninin Azərbaycana səfəri və səfər çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji  təchizatına dair xüsusi sazişin imzalanması faktını necə dəyərləndirirsiniz? 
- Əslində, 2004-cü ildə Avropa Enerji Xartiyası imzalanmışdı. Azərbaycan da o xartiyanın üzvü idi. Ümumiyyətlə, Avropa uzun illərdir ki, Azərbaycanın enerji partnyorudur. Bu illər ərzində Azərbaycan Avropaya İtaliya vasitəsilə neft nəql edib. Yəni, Avropa Birliyi-Azərbaycan münaisbətlərində neft satışı birinci yerdə gəlir. İndi isə artıq qaz layihəsi işə düşür. Sentyabr ayından başlayaraq, Azərbaycan qazı Bolqarıstana, oradan isə Yunanıstana və digər Avropa ölkələrinə nəql olunacaq. İqtisadi tərəfdən yanaşsaq, Ursula von der Leyeninin Azərbaycana səfəri və enerji təchizatına dair memorondumun imzalanması Azərbaycanla Avropa Birliyi arasında enerji münasibətlərinin genişləndirilməsi anlamına gəlir. 2027-ci ilə qədər Azərbaycanın Avropa Birliyinə 20 milyard kubmetr qaz ixrac edəcəyi gözlənilir. Bu, çox mühüm və Azərbaycan üçün vacib məsələdir. Avropa Birliyi kifayət qədər etibarlı bazardır. Sovetlər dövründə bu bazarın böyük hissəsi Rusiyanın inhisarında idi. Artıq Azərbaycan da bu prosesə qoşulub. Məsələ burasındadır ki, Avropa Rusiyanın qaz asılılığından qurtulmaq istəyir. Ən pis halda bu asılılığı minumuma endirməyə çalışır. Bu, 2004-cü ildə imzalanmış Xartiyada da nəzərədə tutulub. Yəni, Avropa Birliyi marşrutlarln difersifikasiyasını həyata keçirməklə buna nail olmaq istəyir. Memorondum göstərdi ki, Azərbaycan bu layihədə özünü təsdiq edib və etibarlı tərəfdaş imicini qazanıb. Strateji baxımından bu, Azərbaycanın maraqlarına uyğundur. 
- Enerji təchizatına dair sazişin imzalanması insan haqları və demokratiya sahəsinin arxa plana keçməsi kimi də qiymətləndirilir... 
- Bu artıq məsələnin siyasi tərəfidir. Doğrudur, Azərbaycanda insan haqları və demokratiya sahəsində problemlər mövcuddur. Ona görə də məsələyə bu cür yanaşma da olacaq. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq edir...
- Bununla bağlı saziş isə nədənsə yubanır... 
- Hesab edirəm ki, qaz layihəsinin həyata keçməsi digər sahələrə, o cümlədən insan haqları və demokratiya sahəsinə də təsirsiz ötüşməyəcək. İqtisadi bağlılıq Avropa ilə münasibətlərin dərinləşməsinə gətirib çıxaracaq ki, burada insan haqları və demokratiya sahəsinə də ciddi diqqət yetiriləcək. Ümumiyyətlə, bu layihə strateji olaraq Azərbaycanın Avroatlantik məkana daha sıx inteqrasiyasına və son olaraq onun bir hissəsinə çevrilməsinə gətirib çıxaracaq. Digər tərəfdən, ABŞ və Avropa Birliyi ilə bu cür sazişlər imzalananda mütləq insan haqları və humanitar məsələlərə də işarə edilir. Bu dəfə də belə oldu. Yəni, Avropa Birliyi insan haqları və demokratiya sahəsini gözardı etmir. Azərbaycan da bu sahədə hər hansı dəyişiklik etməyəcəyini demir. Söz verirlər ki, edəcəyik. Sadəcə, bu gün dünya Rusiya-Ukrayna mühasibəsi fonunda qlobal qarşıdurmaya şahidlik edir və çox şey bu qarşıdurmanın nəticələrindən asılıdır. Prezident İlham Əliyev də Beynəlxalq Humanitar Forumda bildirmişdi ki, Ukraynada həm də MDB ölkələrinin taleyi həll olunur. Bu baxımdan, Rusiya-Ukrayna müharibəsinin nəticələrindən çox şey asılıdır və hesab edirəm ki, hər şey müsbətə doğru gedəcək, Cənubi Qafqaza daha çox diqqət yetiriləcək. Ümumiyyətlə, Azərbaycanda demokratik dəyişikliklər qaçılmazdır. Bundan qaçmaq mümkün olmayacaq. 
- Avropa Birliyinin enerji siyasətində Rusiyadan qopma prioritet təşkil edir. Azərbaycanın prosesə qoşulması Rusiya ilə onsuz da xoş olmayan münasibətlərin daha da kəskinləşməsinə səbəb ola bilərmi? 
- Mən burada  hər hansı problem görmürəm. Əvvəla, Rusiua ilə Avropanın hazırki münasibətləri qarşıdurma səviyyəsində olsa da, bu əbədi deyil, müvəqqəti xarakter daşıyır. Ruslar özləri də bunu başa düşür. İkincisi, Rusiya bu gün daha çox Asiyaya fokuslaşıb. Onun marağı Çin, Hindistan və Asiyanın digər iri ölkələri ilə enerji münasibətlərini dərinləşdirməkdir. Rusiyanın qaz ehtiyatları əsasən Sibirdədir. Oradan Asiya ölkələrinə qaz nəql etmək daha məqsədəuyğundur, nəinki Avropaya. Özü də Asiya bazarı heç də kiçik bazar deyil. Hazırda Rusiya Çinlə bu istiqamətdə aktiv işləyir. Baxın, Rusiya son illərə qədər Türkmənistan qazına əl qoymuşdu. Aşqabad qazı Rusiya vasitəsilə satmağa məcbur idi. Rusiya bundan istifadə edərək qazı ucuz qiymətə alıb baha satırdı. Bundan başqa, Kreml Azərbaycandan qaz nəqlinin qarşısını alırdı. Amma indi Türkmənistan Çinlə kifayət qədər aktiv işləyir, Əfqanıstan üzərindən Pakistan və digər ölkələrə qaz nəqli ilə bağlı layihə var və s. Rusiya isə bütün bunlara etiraz etmir. Görünən odur ki, Rusiya öz strategiyasında dəyişiklik edib. İndi Rusiya üçün Asiya daha maraqlıdır, nəinki Avropa. Bu baxımdan, Bakı və Moskvanın maraqları toqquşmur. 
- Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan sazişin regiona da təsirsiz ötüşməyəcəyi deyilir. Xüsusilə, Cənubi Qafqazda dayanıqlı sülhə nail olmaq üçün bu layihənin önəmli olduğu bildirilir... 
- Əslində, bu ehtimallar doğrudur. Kommunikasiyalar təhlükəsizlik baxımından mühüm rol oynayır. Enerji kəmərləri iqtisadi damarlardır. Bu "damarların” keçdiyi ərazilər adətən ciddi şəkildə qorunur. Nəzərə alsaq ki, bu məsələdə maraqlı olan tərəflər kifayət qədər ciddi tərəflərdir, o zaman bu layihə ilə Azərbaycanın təhlükəsizliyinin də qarantiya altında olduğunu söyləmək olar. Hətta deyərdim ki, enerji məsələləri Qarabağ müharibəsinin nəticələrinə də təsir edib. 
Vidadi