Xəbər lenti

Bakıya yorğun pilotlar uçur? - Qəza təhlükəsi
Ölkə12:49 26.03.2016

Bakıya yorğun pilotlar uçur? - Qəza təhlükəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 19-u Moskva vaxtı ilə saat 3:42-də Rusiyanın Rostov-na-Donu şəhərinin hava limanında əlverişsiz hava şəraitində eniş etmək istəyən Birləşmiş Ərəb Əmirliklərinin loukoster aviaşirkəti olan Flydubai-a məxsus "Boeing 737" təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində FZ 981 reysi ilə Dubaydan Rostov-na-Donu şəhərinə uçan təyyarənin göyərtəsində olan 62 nəfər (55 sərnişin, 7 ekipaj üzvü) həlak olub.
Hadisədən sonra Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bəyan etdi ki, qəza nəticəsində həlak olanların ailələrinə regional büdcədən 1 milyon rubl (23 500 AZN - red.) kompensasiya ödəniləcək. FlyDubai şirkəti isə qəza zamanı həyatını itirənlərin ailəsinə əlavə olaraq 20 000 ABŞ dolları ödəməyə hazır olduğunu açıqlayıb.
Hələlik, qəzanın hansı səbəbdən baş verməsi ilə bağlı araşdırmalar davam edir. Qəzanın hava şəraiti, texniki nasazlıq və pilotun səriştəsizliyi ucbatından baş verdiyinə dair müxtəlif ehtimallar səsləndirilir.
Bu arada Flydubai şirkəti, daha doğrusu şirkətdə çalışan pilotlarla bağlı maraqlı məqam ortaya çıxıb. Belə ki, əvvəllər bu şirkətdə işləmiş Dohadan olan pilot "Russia Today"-ə açıqlamasında Flydubai-da təyyarəçilərin iş qarfikinin həddindən artıq gərgin olduqlarını və xroniki yorğunluq hiss etdiklərini bildirib. Təyyarəçilər yorğunluqları ilə əlaqədar dəfələrlə raport yazsalar da, şirkətin rəhbərliyi buna əhəmiyyət verməyib.
Pilotun sözlərinə görə, şirkət iş cədvəlini tərtib edən zaman pilotlara lazımınca dincəlmək imkanı verilmir. Keçmiş əməkdaşın sözlərinə görə, o, Rostovda qəzaya uğramış təyyarədə həlak olan ikinci pilotun iş qrafikini əldə edib. Qrafikə əsasən, həmin pilot cəmi bircə gün, martın 15-i istisna olmaqla 11 gün dalbadal işləyib. Təyyarə isə martın 19-da qəzaya uğrayıb. Onun fikrincə, böyük ehtimalla qəzaya uğramış təyyarənin pilotları yorğun və əldən düşmüş olublar.
Bu açıqlamada sonra Flydubai-ın daha bir keçmiş təyyarəçisi bu deyilənlərin həqiqət olduğunu təsdiqləyib.
Məsələ ilə əlaqədar Rusiyanın Nəqliyyata Nəzarət üzrə Federal Xidmətindən bildiriblər ki, qəzanın istintaqı zamanı Beynəlxalq Mülki Aviasiya Komitəsi Flydubai-nin pilotlarının iş və istirahət rejimini də araşdıracaq.
Flydubai-nin mərkəzi ofisindən isə bu məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bu şirkət Azərbaycanın paytaxtı Bakıya da hava reysləri həyata keçirir. Belə ki, Flydubai-ya məxsus təyyarələr həftədə 3 dəfə Dubai-Bakı və Bakı-Dubai reysi üzrə uçuşlar həyata keçirir.
Flydubai şirkətinin Bakı ofisindən milli.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycana həyata keçirilən reyslərdə təyyarəni idarə edən pilotların istirahət məsələsi diqqətdədir və onların bununla bağlı heç bir problemləri yoxdur: "Bütün bunlar hamısı yoxlanılır və pilotların iş qarifki və istirahətinə nəzarət olunur. Ona görə də Bakıya uçuşlar həyata keçirən təyyarələrin pilotları ilə bağlı hər hansı problem yoxdur".
Qaynar.info