
"Bağlanmış bankların ləğvi necə baş verir? Bu sualı mənə son günlər tez-tez verirlər. Tam aydın olsun deyə konkret misalda izah edəcəyəm".
"Qaynarinfo.Az" xəbər verir ki bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov deyib.
Əkrəm Həsənov bildirib ki, tutaq ki, bağlanan (müflisləşmiş) bankın 100 mln. manat ekvivalentində borcu qalıb:"45 mln. sığortalanmış əmanətlər, 30 mln. sığortalanmamış əmanətlər, 20 mln. sahibkarların bank hesablarındakı vəsaitlər, 4 mln. digər banklara borcu, 1 mln. işçilərinin əmək haqqı, habelə dövlətə vergi borcu var.Bankın özünün isə cəmi 70 mln. manat əmlakı var: 60 mln. ona borcluları tərəfindən ödənilməli olan kreditlər, 10 mln. isə daşınmaz əmlakı, avtomobilləri və digər daşınar əmlakıdır.Göründüyü kimi, 30 mln. çatmır ki (bank sahiblərinin və menecerlərinin fəaliyyətini nəticəsində zərər yaranıb, amma fakitiki mənimlənilib), bank bütün borclarını ödəsin. Yəni bankın kreditorlarından kimsə pulunu qismən və bəlkə də hətta tam ala bilməyəcək. Bankın ləğvedicisinin vəzifəsi ondan ibarətdir ki, banka olan kreditləri yığsın, əmlakını isə satsın ki, əldə edilən 70 mln. manatı kreditorlar arasında bölüşdürsün. Bu necə olmalıdır və reallıqda necə olur?"
Ekspert qeyd edib ki, 45 mln. sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu uzağı 6 ay ərzində əmanətçilərə qaytarmalıdır:"Bundan sonra ləğvedici ilk növbədə Fondun ödədiyi həmin 45 mln. manatı Fonda qaytarmalıdır. Tutaq ki, 60 mln. manatlıq kreditlərdən ləğvedici 45 mln. manatı qaytara bildi. 10 mln. manatlıq əmlakı isə 5 mln. manata satdı. Deməli, nəticədə 70 mln. əvəzinə cəmi 50 mln. əldə edildi. Niyəsini, yəni 20 mln. manatın hara getdiyini sonda izah edəcəyəm. Hələlik isə 50 mln. manatın necə bölüşdürülməsinə nəzər yetirək. 45 mln. Əmanətlərin Sığortalanması Fonduna qaytarılacaq. Yerdə qalır cəmi 5 mln. Onun 3 mln. manatı ləğvedicinin bu işdəki xərcinə çıxılacaq: əmək haqqı, inzibati xərclər və s. (təbii, şişirtmələr də olacaq). Yerdə qalan 2 mln. manatdan 1 mln. manatı ləğvedici ilə dil tapa bilən hansısa banka qaytarılacaq. Qalan 1 mln. manatdan isə bankın işçilərinin maaşı və dövlətin vergisi ödəniləcək".
Əkrəm Həsənovun fikrincə, aşağıdakı şəxslərə 1 qəpik belə qaytarılmayacaq: 30 mln. sığortalanmamış əmanətlərin sahibləri, bank hesablarındakı 20 mln. vəsaitin sahibi olan sahibkarlar və 3 mln. vəsaitin sahibi olan banklar. Halbuki, arada itən 20 mln. manat da ortada olsaydı və ləğvedici xərclərini şişirtməsəydi, bu 53 mln. manatın sahibləri də qismən də olsa pulunu geri ala bilərdi".
Ekspert daha sonra 20 mln. hara getdiyinə aydınlıq gətirir:"10 mln. manatlıq əmlakın 5 mln. manata satılmasının izaha ehtiyacı yoxdur, məncə: ləğvedici sadəcə əmlakı bilərəkdən ucuz satıb (“otkat” müqabilində) və sənədlərində qeyd edib ki, guya yüksək qiymətlə alıcı tapa bilməyib (guya hətta hərrac da keçirib). Kreditlərə gəldikdə isə qeyd edildiyi kimi, banka olan kreditlər 65 mln. təşkil edirdi, amma ləğvedici cəmi 50 mln. qaytara bilib. Necə? Çox sadəcə! Ləğvedici bəzi borcalanlarla iş birliyinə daxil olub rüşvət alaraq krediti tam geri almayıb. Məsələn, krediti restrukturizasiya edərək bir hissəni guya bağışlayıb. Yaxud da bilərəkdən məhkəmə prosesində zəif çıxış edərək qismən məğlub olub. Yaxud məhkəmə qərarından sonra borc alanı sonadək təqib etməyib və guya müflis olması ilə barışıb. Və ya kredit üzrə girov əmlakı bilərəkdən xeyli ucuz qiymətə satıb və s. və i.a. Üsulları, yolları çoxdur təbii. Borcu qaytarmaq çətindir, amma borcu bilərəkdən almaqdan yayınmaq və buna qanuni don geyindirmək çətin deyil".
Nəticə:
1) bankın sahibləri və menecerləri 30 mln. manatı mənimsəyərək bankı müflis edir və buna görə cəzalanmır, müştərilər 30 mln. manatı itirir;
2) bank nəzarəti orqanının təyin etdiyi ləğvedici olan-qalan əmlakı da talan edir və müştərilər əlavə olaraq da 23 mln. itirir.
Son olaraq isə ekspert sual edir ki , belə banklara və bank nəzarətinə necə etimad etmək olar?
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az