Xəbər lenti

Bank sektoru böyüyür, amma problemli kreditlər də artır - Risk xəbərdarlığı
Ekonomiks 13:38 29.07.2026

Bank sektoru böyüyür, amma problemli kreditlər də artır - Risk xəbərdarlığı

Azərbaycanda bank sektorunun aktivləri artıb. Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 60 milyard 940,4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyard 206 milyon manat və ya 7,4 faiz artıb.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 53 milyard 294,8 milyon manat, balans kapitalı isə 7 milyard 645,6 milyon manat olub. Təkcə iyun ayında bankların cəmi aktivləri 3 faiz, cəmi öhdəlikləri 3,3 faiz, balans kapitalı isə 1 faiz artıb.

Mövzunu Qaynarinfo-ya şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bank sektorunun aktivlərinin artması ilk növbədə kreditləşmənin genişlənməsini göstərir.

"Bank sisteminin aktivlərinin artması o deməkdir ki, banklar daha çox kredit verirlər. Bu artımın konkret hansı amildən qaynaqlandığını mövcud statistikadan dəqiq müəyyən etmək çətindir. Lakin hesab edirəm ki, bunun əsas səbəbi dövlət tərəfindən həyata keçirilən iri infrastruktur layihələrinin maliyyələşdirilməsidir. Həmin layihələrdə iştirak edən şirkətlər banklardan daha çox kredit cəlb edirlər", deyə ekspert bildirib.
 


Onun sözlərinə görə, bank sektorunda aktivlərlə yanaşı, problemli kreditlərin də artması diqqətdən kənarda qalmamalıdır:

"Paralel olaraq problemli kreditlərin də artdığını görürük. Əgər verilən kreditlərlə yanaşı, vaxtında qaytarılmayan kreditlərin həcmi də artırsa, bu, tam müsbət hal sayıla bilməz. Bu, kredit portfelinin keyfiyyəti ilə bağlı müəyyən risklərin mövcud olduğunu göstərir".

Əkrəm Həsənov hesab edir ki, ilin ikinci yarısında bank sektorunda hazırkı artım tempinin eyni səviyyədə davam edəcəyi gözlənilmir:

"Düşünmürəm ki, bu artım tempi olduğu kimi davam etsin. Çünki ölkədə özəl investisiyaların həcmi azalıb. Kreditləşmənin davamlı artması üçün isə özəl sektorun investisiya fəallığı mühüm rol oynayır".
 
Günay İlqarqızı

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->