Xəbər lenti

Sənət 20:40 03.08.2026

"Barbi"nin davamı risk altında: "Warner Bros." 20 milyon dollar ödəmək istəmir

"Warner Bros." studiyası Marqo Robbi və Rayan Qoslinqlə iri məbləğli yeni müqavilələr bağlamağa hazır olmadığından "Barbi" filminin davamı təhlükə altına düşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

"Ken" obrazına görə "Oskar"a namizəd göstərilən Rayan Qoslinq davam filmində rol almaq üçün 20 milyon ABŞ dolları qonorar tələb edir. Halbuki aktyor ilk filmdəki roluna görə 12,5 milyon dollar qazanmışdı.

İlkin müqavilə yalnız bir film üçün nəzərdə tutulmuşdu. Lakin rejissor Qreta Qerviq və həmmüəllif Noa Baumbax artıq davam filmi üçün ideya hazırlayıblar. Bununla belə, onlar müqavilə şərtləri razılaşdırılana qədər süjet barədə məlumat vermirlər.

Studiyanın vaxtı da məhduddur. "Barbi" franşizasına hüquqlar dekabr ayında yenidən "Mattel" şirkətinə qaytarılacaq. Tərəflər razılığa gələ bilməsələr, "Mattel" layihəyə yeni rejissor, aktyor heyəti və yeni konsepsiya ilə yenidən başlamaq məcburiyyətində qala bilər.

Vəziyyəti aktyorların sıx iş qrafiki də çətinləşdirir. Marqo Robbi "Ocean's Eleven" filminin prikvelində çəkilir və ekran əsərinin 2027-ci ilin iyununda nümayişi planlaşdırılır. Rayan Qoslinq isə "Star Wars" franşizası üzrə yeni filmin tanıtım kampaniyasında iştirak edir. Həmin filmin 28 may 2027-ci ildə nümayişə çıxması gözlənilir. Bundan əlavə, aktyorun 2028-ci ildə "Marvel" studiyasının "Ghost Rider" layihəsində rol alması planlaşdırılır.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->