XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Barselona”nın Şimali Kipr qərarı Cənubi Kipri qəzəbləndirdi
İdman12:43 25.08.2026

"Barselona”nın Şimali Kipr qərarı Cənubi Kipri qəzəbləndirdi

"Barselona" futbol akademiyasının Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) “Lefkoşa düşərgəsi” təşkil edəcəyini açıqlamasından sonra Cənubi Kipr Administrasiyasında etirazlar başlayıb.

Qaynarinfo xəbər veruir ki, ELAM Partiyası ŞKTC-də beynəlxalq tədbirlərin keçirilməsinə qarşı fəaliyyət göstərəcəyini açıqlayıb.

İspaniya hökumətinə və Cənubi Kipr Respublikasının Xarici İşlər Nazirliyinə müdaxilə çağırışı edən ELAM “Barselona”nın təşkilatı ləğv etməsini tələb edib. ŞKTC isə yunan tərəfinin təzyiq siyasətinə sərt reaksiya göstərib.

Klubun rəsmi saytında düşərgənin keçiriləcəyi yer “Lefkoşa, Şimali Kipr” kimi göstərildikdən sonra ELAM Partiyası İspaniya hökumətini və Cənubi Kipr Respublikasının Xarici İşlər Nazirliyini müdaxilə etməyə çağırıb və tədbirin ləğvini tələb edib.

ELAM-ın açıqlamasında ŞKTC-də keçirilməsi planlaşdırılan “Zamna” Musiqi Festivalının da ləğv olunması tələb edilib. Partiya daha əvvəl Girnə qalasında keçirilməsi planlaşdırılan “Nexus” festivalının ləğvi üçün apardığı təşəbbüsləri xatırladaraq, ŞKTC-də təşkil olunan beynəlxalq tədbirlərə qarşı fəaliyyətini davam etdirəcəyini bildirib.

ŞKTC-nin baş naziri Ünal Üstel “Barselona” futbol düşərgəsi və “Zamna” Musiqi Festivalının hədəfə alınmasına etiraz edib. Üstel ELAM-ın Şimali Kiprdə keçirilməsi planlaşdırılan iki beynəlxalq tədbirin ləğvi istiqamətindəki təşəbbüsünü kəskin şəkildə pisləyib. O bildirib ki, “Nexus” festivalının ləğvindən dərhal sonra yeni tədbirlərin hədəfə alınması yunan tərəfinin bəzi dairələrinin mövqeyini ortaya qoyur.

ŞKTC-nin baş naziri Kipr türklərinin dünya ilə əlaqə saxlamasından və gənclərin beynəlxalq tədbirlərdə iştirak etməsindən narahat olan dairələrə qarşı mübarizəni davam etdirəcəklərini vurğulayıb.

Cənubi Kipr və Yunanıstan mətbuatında yayılan xəbərlərdə düşərgənin “işğal altındakı ərazilərdə” keçiriləcəyi qeyd olunub və Avropanın aparıcı futbol klublarından “Barselona”nın Şimali Kiprdə tədbir təşkil etməsinə etiraz bildirilib.

Yunanıstanın “To Vima” qəzeti də hadisəni “Barselona Türk işğalı altındakı Kiprdə futbol düşərgəsinə görə etirazlarla üzləşir” başlığı ilə işıqlandırıb. Xəbərdə “Barselona” Akademiyasının rəsmi saytında Lefkoşada keçiriləcək düşərgənin Yaxın Şərq Universitetinin (YDÜ) obyektlərində təşkil olunacağının açıqlanması qeyd edilib.

“Barselona”nın rəsmi saytında avqustun 4-də yayımlanan elanda “Lefkoşa düşərgəsi”nin 7-11 sentyabr və 16-20 sentyabr 2026-cı il tarixlərində keçiriləcəyi bildirilib. Klub düşərgənin ünvanını açıq şəkildə “Yaxın Şərq Universiteti, Lefkoşa, Şimali Kipr” kimi göstərib.

“Barselona”nın proqramına əsasən, düşərgədə hər gün üç ayrı məşq qrupu yaradılacaq. Məşq saatları isə iştirakçıların yaş kateqoriyalarına uyğun müəyyənləşdiriləcək.

Aydın