Bosniyalı futbolçu Miralem Pyaniç Moskvanın ÇSKA klubuna keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Miralem Pyaniç ordu klubunda 15 nömrəli formanı geyinəcək. 34 yaşlı futbolçu ilə uzadılma ehtimalı ilə bir illik (1+1) müqavilə imzalanıb.
Yarımmüdafiəçi Bosniya və Herseqovina millisində 115 oyun keçirib, 17 qol vurub, 29 məhsuldar ötürmə edib.
Miralem Pyaniç karyerası ərzində Fransanın "Mets", "Lion", İtaliyanın "Roma", "Yuventus", İspaniyanın "Barselona", Türkiyənin "Beşiktaş" və BƏƏ-nin "Əl Şarja" klublarında çıxış edib. 34 yaşlı yarımmüdafiəçi iyulun əvvəlində ərəb klubundan ayrılmışdı. Onunla İspaniyanın "Leqanes", İtaliyanın "Milan" və Türkiyənin "Konyaspor" klublarının da maraqlandığı bildirildi.
Miralem Pyaniç ən böyük uğurlarını "Yuventus"la qazanıb. Belə ki, futbolçu Turin klubunda İtaliya çempionu (4 dəfə), ölkə kubokunun (2) və Super Kubokunun qalibi olub (1), Çempionlar Liqasında final oynayıb. O, "Barselona" ilə İspaniya kubokunu, "Beşiktaş"la Türkiyə Super Kubokunu qazanıb.
Yarımmüdafiəçi Bosniya və Herseqovina millisində 115 oyun keçirib və 18 qol vurub.
Aydın