
Rüfət Baxışbəyli
İnsanın doğulduğu gündən həyatının sonuna qədər onu ayaq üstə saxlayan sağlamlığıdır. Sağlamlığın keşiyində dayananlar isə həkimlərdir. İnsan xəstələnəndə həkimə müraciət edir, dərdinə əlacı həkimdən istəyir. Bunlar tam normal olan şeylərdir. Görək bizim yaşadığımız ölkədə bu, normal baş verirmi? Cavab bir mənalı olacaq: “Yox”. Çünki insanların həkimə müraciət etməsi ilk növbədə onların sosial-iqtisadi durumundan asılıdır.
Həkimə müraciət etmək üçün vətəndaşın ilk növbədə müayinə üçün, sonra analiz, daha sonra müalicə üçün pulu olmalıdır. Əgər yoxdursa, xəstə elə ən yaxşı halda xəstə olaraq qalmalıdır. İnkişaf etmiş ölkələrdə bu problem həllini tapıb. Vətəndaşlar özlərini tibbi sığortalamaqla dövlət tərəfindən onlara yaradılan bu imkanlardan istifadə edirlər. Hətta post-sovet ölkələrində də vətəndaşların tibbi sığortadan istifadəsi inkişaf mərhələsindədir.
Qonşu Rusiyada Dağıstanda yaşayan vətəndaş ölkənin o biri ucunda ən yüksək qiymətə olan cərrahi əməliyyatı ona verilən sığorta kartı ilə reallaşdıra bilir və bu zaman heç bir əngələ rast gəlmir. Həkimlər və tibbi personal da nağd pulla müalicə olunanla onlar arasında fərq qoymadan xəstəni müalicə edir. Necə deyərlər, alan razı, satan razı. Hətta acından ölən və blokda şəraitində yaşayan Ermənistan vətəndaşı da bu paketdən istifadə edir. Bəs özünü regionun lider ölkəsi elan edən hakimiyyət öz vətəndaşlarına bundan yararlanmaq üçün nədən şərait yaratmır, ya da yaratmaq istəmir?! Bu suallara nə qədər cavab axtardımsa, məntiqli bir yazıya, izaha rast gəlmədim.
Bizim ölkədə də 1999-cu ildən icbari-tibbi sığorta haqqında qanun qəbul edilib. Amma elə qanun olaraq kağız üzərində qalıb. Bəs nədən tətbiq olunmur? Vətəndaş bu cür gözəl imkandan niyə yararlana bilmir? Bizim buna iqtisadi resurlarımızmı imkan vermir? Heç kəsə sirr deyil ki, bunun iqtisadiyyata qəti aidiyyati yoxdur. Bəs nədir səbəb? Cavab birdir: korrupsiya və rüşvət.
Ölkədə bütün sahələr ayrı-ayrı oliqarxların nəzarətində olduğu kimi səhiyyə sahəsi də onların tam nəzarətindədir. Bu qanunun tətbiqi vətəndaşların müalicəsini asanlaşdırar, həkimləri xəstələrin əlinə baxmağa, xeyri oldu-olmadı alacağı faizi düşünmədən xəstəyə normal dərmanlar yazmağa məcbur etməz. Bu da səhiyyəni monopoliyada saxlayan “ailə”yə qətiyyən sərf etmir. İnsanlarımız isə üz tuturlar xaricə (son zamanlar İran İslam Respublikasına.R.B.) dərdlərinə dəva axtarmağa. Çünki orda xəstələrin müayinəsi və müalicəsi ölkəmizdəki qiymətlərlə müqayisədə fantastik dərəcədə aşağıdır. Düzdür, son zamanlar həmin bu “ailə” onlara da təsir imkanları tapıblar və nəticədə qiymətlər bir az yüksəlib, amma yenə də bizdəki soyğunçuluq qədər deyil.
Hər bir rüşeymin cücərməsi və inkişaf etməsi üçün münbit şərait hər şeydən vacibdir. Tibbimizdə olan bu anormal durumun da “inkişaf”ı üçün münbit şəraiti yaradan elə biz özümüzük. Həkimimiz xəstəni müalicə edərkən onun əlinə, cibinə baxmaqdan bezməyincə, vətəndaşımız onun cibinə girən, normal müayinə və müalicəsinə imkan verməyən bərbad səhiyyə sistemindən usanmayınca, bu durum davam edəcək və “məmur ierarxiyası” da varlanaraq sağlamlığımızı deyil, var-dövlətini qoruyacaqlar, bizim xəstəliyimiz üzərindən sərvətlərini daha da artıracaqlar.
Həkim aldığı çox aşağı maaşı bəhanə gətirərək, xəstədən aldığı rüşvəti “mükafatlandırma” adlandırmaq əvəzinə öz halal haqqını tələb etsə, xəstə də imkansızlıq ucbatından yalnız kritik məqamda varını-yoxunu satıb həkimə müraciət etmək əvəzinə sağlamlığını sığortalayıb sığorta hüquqlarından istifadə etməyi tələb etsə, həm həkim üçün yaxşı olar, həm də xəstələr sağlamlığının qeydinə qalar.
Hər şey öz əlimizdədir. Sağlamlığımıza sahib çıxaq, hüquqlarımızdan istifadə etməyi öyrənək!
Qaynar.info